Akademik Arif Paşayevin 85 yaşı tamam oldu

Akademik Arif Paşayevin 85 yaşı tamam oldu backend

Fevral 15-də Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin doğum günüdür.

Modern.az saytının məlumatına görə, Azərbaycanın tanınmış ziyalılarından olan A.Paşayevin 85 yaşı tamam olub.

O, görkəmli alim və pedaqoqdur, fizika-riyaziyyat elmləri doktoru, professor və akademikdir. Elm sahəsindəki nailiyyətlərinə görə bir sıra yüksək mükafatlara layiq görülüb.

Arif Mircəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olub. Arif Paşayev ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda alıb və onun ilk iş yeri Bakı Dövlət Universiteti, ilk vəzifəsi laborant olub. Biliyi və istedadı zəhməti ilə birləşərək ona elm və vəzifə pillələri ilə daim irəli getməyə imkan verib. 1957-ci ildə laborantlıqdan başlayan əmək və elmi fəaliyyət yolu sonralar daha zənginləşib.


1959-cu il. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu, kiçik elmi işçi; 1960-cı il. Dövlət Nadir Metallar İnstitutunun aspiranturası; 1966-cı il. AEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi...

Arif Paşayev institutu bitirdikdən cəmi doqquz il sonra – 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. O, Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaradıb. Sonralar daha irəli gedərək yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər xassələri kontaktsız tədqiq etmək metodunu işləyib hazırlayıb. Bu ixtiraların və elmi işlərin nəticəsi olaraq alim tərəfindən təklif edilən cihazların kütləvi istehsalına başlanılıb və bu işlərə bilavasitə Arif Paşayevin özü rəhbərlik edib. Nəhayət, 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almağa müvəffəq olub.

Elmin zirvələrinə aparan pillələr bir-birini beləcə əvəz edib. Arif Paşayev SSRİ Elmlər Akademiyasının alimləri ilə birgə fizika elminin aktual problemlərinə dair tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğu yaradıb. Əldə olunan bu nəticələrə görə SSRİ EA Elmi Şurasının xüsusi mükafatına layiq görülüb, Azərbaycan EA-nın müxbir üzvü seçilib.

Bununla kifayətlənməyən Arif Paşayev elmi tədqiqatlarının əhatə dairəsini daim genişləndirib, bir-birindən dəyərli nailiyyətlərə imza atıb. Əldə etdiyi nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilib. Fizika elminin inkişafında göstərdiyi xidmətlərə, xüsusən avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə 1991-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Onun rəhbərliyi ilə neft-qaz boru kəmərlərində hidratla, neft çıxarılan borularda isə parafinlə mübarizə üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılıb.

Fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi alıb.

1996-cı ildən Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayev bu sahədə də böyük xidmətlər göstərib. Onun rəhbərliyi ilə milli aviasiya üçün milli kadrlar – təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər yetişdirilib və yetişdirilir.

Son illər Arif Paşayevin təltifləri sırasına daha iki ali mükafat - “Şöhrət” və “Şərəf” ordenləri də əlavə olunub. Akademik Arif Paşayevə 80 illik yubileyində ölkə başçısının sərəncamı ilə “İstiqlal” ordeni verilib.

Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilib.

Diaspora