Azərbaycan-Rusiya işgüzar görüşü keçirilmişdir

Azərbaycan-Rusiya işgüzar görüşü keçirilmişdir backend

İqtisadiyyat və Sənaye Nazirliyindən Qaziler.az- verilən məlumata görə, mayın 26-da Rusiya Federasiyasının Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelovun ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilmişdir.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak etmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan - Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, Rusiya Federasiyasının federal subyektləri ilə səmərəli əməkdaşlıq edildiyini vurğulamışdır. Hazırda Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. 2014-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. dollara çatmış, bu ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artmışdır. Qeyd edilmişdir ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Azərbaycan və Rusiya arasında indiyədək iqtisadi sahədə müxtəlif formatlı 30-dan çox tədbir, o cümlədən 5 regionlararası forum təşkil edilmişdir. Nazir müavini Niyazi Səfərov bu gün keçirilən işgüzar görüşün də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, iş adamları arasında əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli olacağını vurğulamışdır.

Rusiya Federasiyasının Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Həştərxan vilayətinin iqtisadi imkanları barədə məlumat vermiş, son illər vilayətdə həyata keçirilən layihələrin daha çox sənaye sahəsini əhatə etdiyini diqqətə çatdırmışdır. Əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edən cənab Markelov mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulamışdır.

Sonra Həştərxan vilayəti Hökuməti sədrinin müavini, iqtisadi inkişaf naziri Elina Polyanskaya Həştərxanda yerləşən “Lotos” sənaye-istehsal tipli xüsusi iqtisadi zona barədə təqdimatla çıxış etmişdir.

Tədbirdə Həştərxan vilayəti haqqında qısa videoçarx nümayiş olunmuşduır.
Diaspora