Ümid qəsəbəsi yeni sakinlərini qarşılayır

Ümid qəsəbəsi yeni sakinlərini qarşılayır backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qaziler.az xəbər verir ki, zəruri infrastrukturu olan yaşayış kompleksləri, qəsəbələr tikilib istifadəyə verilir, hər il minlərlə köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilir.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi məsələsini nəzarətdə saxlayır, bu barədə verilmiş tapşırıqlar davamlı şəkildə icra olunur.

Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən, Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilimiş 300 ailəlik yeni yaşayış binaları da artıq ilk sakinlərini qəbul edib.

Burada, ilk növbədə, həyat üçün təhlükəli şəraitdə, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb. Belə ki, Qaradağ rayonunun Puta qəsəbəsində 11 saylı yataqxanada, 59 saylı hamamın binasında, 1 saylı mədən evində, Sahil qəsəbəsindəki ATS binasında, hərbi şəhərcikdəki tikililərdə, Qobustan rayonundakı keşmiş avtobazanın inzabati binasında və qarajında, 8 saylı yol-istismar idarəsinin nzibati binasında və Ələt qəsəbəsindəki hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış 188 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Ümid qəsəbəsinə köçürülənlər, əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir. Yeni mənzillərə köçürülmə davam edir.

Xatırladaq ki, Umid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.
Diaspora