BTC kəmərinə ilk neftin vurulmasından 10 il keçir

BTC kəmərinə ilk neftin vurulmasından 10 il keçir backend

10 il əvvəl (2005-ci il mayın 25-i) Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə ilk neftin vurulması münasibətilə təntənəli mərasim keçirildi.

Lent.az-ın Energetika Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın dövlət başçıları, layihənin əməliyyatçısı olan BP və tərəfdaş şirkətlərin nümayəndələri, çoxsaylı yerli və xarici qonaqlar iştirak edirdi. BTC-yə ilk neftin vurulması kəmərin Azərbaycan hissəsinin istifadəyə verilməsi demək idi.

Bu layihənin reallaşması ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının daha bir uğuru kimi tarixə yazıldı. Xatırladaq ki, BTC Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Xəzərlə Aralıq dənizi arasında 1768 kilometr məsafə boyu uzanır. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Gürcüstana 249, Türkiyəyə isə 1076 kilometr düşür. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabr ayında istifadəyə verilib. Kəmər tam bir sistem kimi 2006-cı il iyulun 13-də istismara buraxılıb. Boru kəməri ilk mərhələdə gün ərzində 1 milyon barel neft ötürmək gücündə layihələndirilmiş, 2006-2009-cu illər ərzində onun ötürmə qabiliyyəti bu səviyyədə qalmışdı.

2009-cu ilin mart ayında isə kəmərin gündəlik ötürmə gücü 20 faiz artırıldı və gün ərzində 1,2 milyon barel təşkil etməyə başladı. İstifadəyə verildiyi vaxtdan bu ilin əvvəlinədək BTC vasitəsilə 2,1 milyard barel (280 milyon ton) xam neft nəql olunub. Hazırda BTC ilə, əsasən, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi çərçivəsində çıxarılan neftin əsas hissəsi və “Şahdəniz” yatağından alınan kondensat daşınır. Bundan əlavə, kəmərə müəyyən həcmdə Türkmənistan və Qazaxıstan nefti də vurulur. BTC –dən sonra inşa edilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıtdı. Hazırda Azərbaycandan Avropaya qaz nəql edəcək 3500 kilometrlik mavi yanacaq dəhlizi reallaşmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı-Tbilici-Ceyhan kəmərinin tikintisini tarixi hadisə adlandırmış və bu layihənin tarixi əhəmiyyətini belə əsaslandırmışdır: “Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara-dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilici-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz deyə bilərik ki, Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından artıq tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehlakçılara da öz xidmətini göstərir.

Azərbaycan ərazisindən nəql edilən neft və neft məhsullarının həcmi ildən –ilə artmaqdadır. Azərbaycan etibarlı tranzit ölkəsidir”. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası Azərbaycanın gələcəyinə qapı açdı. Ölkəmizi beynəlxalq enerji ailəsinə daxil edən bu layihə respublikamıza həm siyasi, həm də iqtisadi baxımdan böyük uğurlar gətirdi. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər həm də bu layihənin təntənəsidir.
Diaspora