Milli Qəhrəmanlar məcburi köçkün şagirdlərlə GÖRÜŞDÜ - FOTO

Milli Qəhrəmanlar məcburi köçkün şagirdlərlə GÖRÜŞDÜ - FOTO backend

Noyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycanın Milli Qəhrəmanları, istefada olan general-mayor Fəxrəddin Cəbrayılov və istefada olan polkovnik-leytenant Vahid Quliyevlə görüşüb.

Qaziler.az xəbər verir ki, görüşdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində şəxsi igidlik və şücaət göstərmiş qəhrəmanların gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı qeyd edilib. Bununla yanaşı bildirilib ki, dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı bir neçə ildə Azərbaycanda hökm sürən ictimai-siyasi, sosial-iqtisadi böhran, ordu quruculuğunda yol verilən nöqsanlar ağır nəticələrə gətirib çıxarıb, torpaqlarımızın Ermənistan tərəfindən işğalına şərait yaradıb. Vurğulanıb ki, yalnız ulu öndər Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışından sonra xalqın mübarizə ruhunun yüksəlməsi və dövlət quruculuğunun başlanması, vahid hərbi komandanlığın formalaşdırılması işğalın daha geniş miqyas almasına imkan verməyib, ərazilərin bir hissəsinin - Füzuli rayonunun 21 yaşayış məntəqəsinin, Cəbrayıl rayonunun bu gün dinc həyata qovuşmuş Cocuq Mərcanlı kəndinin azad edilməsi ilə nəticələnib.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində ölkəmiz bütün sahələrdə, o cümlədən hərbi sahədə təcavüzkar Ermənistan üzərində üstünlük əldə edib. 2016-cı ilin aprelində baş vermiş əks-hücum zamanı ordumuz işğalçılara ağır zərbə vurub, strateji yüksəkliyi geri alıb, 2 min hektardan artıq ərazini işğaldan azad edib. Bu ilin yayında isə qəhrəman hərbçilərimiz Naxçıvanda düşməni geri çəkilməyə məcbur edərək, 11 min hektardan artıq ərazini nəzarətə götürüblər.

Müharibədən əziyyət çəkən insanlara, o cümlədən qaçqınlara və məcburi köçkünlərə göstərilən dövlət qayğısı haqqında da görüşdə ətraflı söhbət açılıb. Prezident İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu məsələlərə xüsusi diqqətlə yanaşdıqları, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü iş aparıldığı bildirilib.

Görüşdə “Milli qəhrəmanları tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı iştirak edib.

Görüş başa çatdıqdan sonra qonaqlar Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlər üçün inşa edilib bu il istifadəyə verilmiş “Qobu park” yaşayış kompleksinə yollanıblar. Burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, “Milli qəhrəmanları tanıtma” İctimai Birliyinin dəstəyi ilə “Mənim qəhrəmanım” hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Tədbir Milli Qəhrəmanların və şagirdlərin Azərbaycanın Dövlət Himnini birgə oxuması ilə başlayıb. Daha sonra ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Məcburi köçkün uşaqlarda və yeniyetmələrdə vətənə məhəbbət, dövlətçiliyə sədaqət hissinin gücləndirilməsi, yüksək mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması, həmçinin hərbçi peşəsinə maraq yaradılması məqsədilə keçirilən tədbirdə “Qobu park”dakı 32 nömrəli Ağdam, 29 nömrəli Laçın tam orta məktəblərinin müəllim və şagirdləri, yaşayış kompleksində məskunlaşmış müharibə veteranları iştirak ediblər.

Azərbaycanın Milli Qəhrəmanları Fəxrəddin Cəbrayılovun və Vahid Quliyevin həyat və döyüş yolu haqqında qısa məlumat verildikdən sonra onların hər biri iştirakçılar qarşısında çıxış edib, müharibə təəssüratlarını danışıb, torpaqlarımızın azadlığı uğrunda mübarizədə xalqımızın igid övladlarının göstərdikləri hünər və şücaətdən söz açıblar.

Qeyd olunub ki, gənc nəslin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilməsi ölkəmiz və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, 1 milyondan çox həmvətənimiz öz doğma yurdunu tərk etmək, qaçqınlıq və köçkünlük məhrumiyyəti yaşamaq məcburiyyətində qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərimizin öz tarixi torpaqlarına qayıtması bu gün qarşımızda mühüm vəzifə kimi durur. Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı siyasət bu vəzifələrin tezliklə yerinə yetirilməsinə yönəlib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə, sülh yolu ilə həlli mümkün olmasa, Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad edəcəkdir. Vətənin müdafiəsinə, onun sərhədlərinin qorunmasına hazır olmaq hər bir azərbaycanlı gəncin müqəddəs borcudur. Bildirilib ki, sabahın əsgəri olacaq məktəblilər xalqımızın qəhrəman övladlarını yaxından tanımalıdırlar ki, öz vətəndaşlıq və övladlıq borclarını yerinə yetərərkən onların həyat və döyüş təcrübəsindən fayda götürsünlər.

Ağdam və Laçın məktəbliləri qəhrəmanlara suallar verib, onlarla maraqlı dialoq qurublar. Fəxrəddin Cəbrayılov və Vahid Quliyev görüşdə fəallıq göstərən şagirdlərə Azərbaycan bayrağının təsviri olan döş nişanları hədiyyə ediblər.

Görüş başa çatdıqdan sonra Milli Qəhrəmanlar “Qobu Park”ı gəzib, burada məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olublar.
Diaspora