"Star" neft emalı zavodunun açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir.
Bu barədə Trend-ə tanınmış türkiyəli ekspert, professor Saleh Yılmaz deyib.Ekspertin qiymətləndirməsinə görə, "Star" NEZ-in açılışı Türkiyə iqtisadiyyatı üçün böyük gəlir vəd edir: "Birgə müəssisəyə böyük investisiyalar qoyulub və bu layihənin iqtisadi məqsədəuyğunluğunu nəzərə alaraq, o, Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük gəlir gətirəcəkdir.
"Star" NEZ - güclü müəssisədir və onun açılışı ikitərəfli əməkdaşlığın miqyasını genişləndirəcək, energetika sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini yaxşılaşdıracaq".
S.Yılmaz qeyd edib ki, Türkiyə və Azərbaycan regionda və dünyada yaxşı tanınan beynəlxalq əhəmiyyətli böyük nəqliyyat layihələrinin həyata keçirilməsində yaxşı ikitərəfli əməkdaşlıq təcrübəsi əldə ediblər: "Bu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləridir və onlar regionda və dünyada Azərbaycan və Türkiyənin iqtisadi maraqlarının irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bütün bu meqaproyektlərin bizim ölkələrə çox böyük gəlir gətirməsi ilə yanaşı, onlar həmçinin regionda sabitliyin saxlanmasında mühüm rol oynayırlar".
Ekspert əlavə edib ki, Azərbaycan və Türkiyənin mühüm birgə meqaproyektləri sırasına regionun təhlükəsizliyinin təminatında ciddi əhəmiyyəti olan Trans-Anadolu kəməri (TANAP) daxildir.
S.Yılmaz bildirib ki, Türkiyə və Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən layihələr Türkiyə və Azərbaycan xalqlarının milli maraqları əsasında dayanan iki ölkənin birliyi və etibarlılığının göstəricisidir.