Respublikamızın əsas tərəvəzçilik rayonlarından sayılan Xaçmazda may ayının ikinci ongünlüyündən başlayaraq mövsümün ilk məhsulu sayılan çiyələk yığılır.
QAZİLER.AZ saytı AZƏRTAC-a istinadla xəbər verir ki, yaz aylarında havaların nisbətən soyuq keçməsi çiyələk yığımını 10-15 gün gecikdirsə də, fermerlər məhsuldarlıqdan razıdırlar. Hazırda təsərrüfatçılar 1 kiloqram çiyələyi 1,5-2 manata satırlar. Bir ay davam edəcək yığım zamanı əldə olunan məhsul əsasən yerli bazarlara satılacaq.Uzun müddətdir ki, rayonun Susay-qışlaq kəndində çiyələk yetişdirən fermer Elşən Abdullayev yığımın ilk günlərində məhsula tələbatın çox olduğunu bildirir: “Bu, elə bir bitkidir ki, xüsusi aqrotexniki qulluq tələb edir. Çiyələk sahəsini alaqdan qorumasan məhsul almaq mümkün deyil. 10 sot sahədə çiyələk yetişdirmək üçün 600 manata yaxın xərc çəkmişəm. Biz çiyələyə əsasən üzvi gübrələr veririk. Bununla da çiyələk həm dadlı olur, həm də tağdan dərdikdən sonra daha uzun müddət saxlamaq mümkündür”.
Xaçmazlı təsərrüfatçılar çiyələyin “Viktoriya” növünü becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi bu növün həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır.
Ötən il Xaçmazda 46 hektar çiyələk sahəsindən 145 tona yaxın məhsul yığılıb.