Yaxın zamanlarda Azərbaycan və Rusiya şirkətləri sənaye, əczaçılıq və tikinti sahələrində birgə müəssisələr yarada bilərlər.
Bunu Trend-ə müsahibəsində Rusiya-Azərbaycan İşgüzar Şurasının icraçı direktoru Yuri Danilov deyib.Y.Danilov qeyd edib ki, artıq bu istiqamətdə layihələr var və bu layihələr yüksək hazırlıq mərhələsindədir.
İcraçı direktorun fikrincə, əməkdaşlıq və birgə müəssisələrin yaradılması üçün digər məqsədəuyğun sahələr metal emalı, neft maşınqayırması, kimya sənayesi, vaqonqayırma, tikinti materiallarının istehsalı və kənd təsərrüfatı məhsullarının təkrar emalıdır.
O vurğulayıb ki, bu gün Rusiya-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə yüksəlir və iki ölkənin biznes ictimaiyyəti sıx ticarət münasibətlərini inkişaf etdirməkdə maraqlıdır:
“Hesab edirəm ki, bu gün ticarət-iqtisadi münasibətlərin sadələşdirilməsinə, Azərbaycan ərazisində Rusiya-Azərbaycan birgə müəssisələrinin yaradılmasına doğru addımlamaq, eləcə də respublikanın tranzit potensialından və texnologiyalardan birgə istifadə etmək vacibdir”.
Eyni zamanda, icraçı direktor qeyd edib ki, ölkələr arasında ticarət potensialını tam şəkildə reallaşdırmaq lazımdır.
Y.Danilov xatırladıb ki, bu il iyulun 17-də Rusiya-Azərbaycan İşgüzar Şurasının iclasının yekununda Şuranın yeni sədri seçilib:
“Hazırda Şuranın üzvlük bazası formalaşdırılır, ikitərəfli əməkdaşlıq layihələrinin siyahısı hazırlanır və onların reallaşdırılması üzrə təkliflər irəli sürülür. Yaxın zamanlarda bir sıra mühüm tədbirlərin, o cümlədən Gəncədə 9-cu Rusiya-Azərbaycan regionlararası forumunun, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçirilməsi planlaşdırılır. Bütün bu tədbirlərdə Rusiya-Azərbaycan İşgüzar Şurası fəal iştirak edəcək”.