“Strateq.az” saytının təsisçisi və baş redaktoru Elxan Şükürlü bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb.
“AzPolitika.info”ya açıqlamasında E.Şükürlü deyib ki, çağrılmasına səbəb 2017-ci ildə rəhbərlik etdiyi saytda digər informasiya resurslarına istinadla getmiş bir yazı olub.E. Şükürlü istintaq sirrini yaymamaq üçün söhbətin hansı yazıdan və saytlardan getdiyi barədə hər hansı açıqlama verməyib. Qısaca bildirib ki, ondan ifadəni Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin müstəntiqi Emil Murğuzov alıb.
E.Şükürlü dindirmə zamanı hər hansı təzyiqlə üzləşmədiyini də vurğulayıb: “Əksinə, xoş münasibət və rəftarın şahidi oldum. Müstəntiq saytları izləyən, mədəniyyətli və kübar bir gənc idi. Onlar öz işlərini görməlidir, biz də öz işimizi. Məsələ ilə bağlı əvvəllər də xeyli baş redaktor çağrılıb və ifadələri alınıb”.
Xatırladaq ki, E.Şükürlü 2015-cı ilin noyabrında da “MTN işi” ilə bağlı Respublika Prokurorluğuna çağrılmışdı və bu iş haqda məlumat yayan sayt rəhbərləriylə birgə ona da rəsmi xəbərdarlıq edilmişdi. Sonradan bu xəbərdarlıq əsas götürülərək, 20 illik jurnalistlik fəaliyyətinə və evinin olmamasına baxmayaraq, E.Şükürlüyə jurnalistlər üçün tikilən binadan mənzil verilməsindən imtina edilmişdi.
E.Şükürlü bu dəfə İstintaq İdarəsində ona belə bir xəbərdarlığın edilmədiyini bildirib.