İdxal rüsumunun aşağı salınmasında udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub
Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb ki, ötən ay ərzində mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, qəhvə və çayın qiymətlərində isə bahalaşma qeydə alınıb.Modern.az-ın məlumatına görə, iqtisadçı ekspüert Qubad İbadoğlu bildirib ki, DSK-nın məlumatında 2 məqama diqqət yetirmək lazımdır:
“1-si ucuzlaşma ilə bağlıdır. Mənim müşahidələrimə görə, mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun qiymətlərində də bahalaşma davam edib. Ötən aydan bahalaşan yumurtanın 1 ədədinin qiyməti hazırda 20 qəpikdir.
İkinci maraqlı məqamlardan biri odur ki, kərə yağlarının qiymətində davamlı olaraq artım müşahidə olunur və bunu DSK da təsdiq edir. Halbuki, ötən ilin dekabrın 7-dən Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi 3 dəfə endirilsə də, kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə deyil, başqa səbəblərlə bağlıdır”.
Ekspert deyir ki, əslində Nazirlər Kabinetinin müvafiq qərarı ilə endirilən rüsumlar nəticəsində 6 aydır ki, udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub.
“Belə ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarı bölüşdürən bir neçə şirkətin oliqopliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə bahalaşdırırlar. Odur ki, yeni yaradılan, amma hələ də rəhbəri təyin olunmayan istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək, onları yağın qiymətinin bahalaşmasında inhisaraşma meyllərini gücləndirən oliqopol şirkətlərə qarşı qanunvericiliyi tələblərinə uyğun tədbirlər görməyə çağırıram”.