Kənd təsərrüfatı nazirliyində vaksin oyunu...

Kənd təsərrüfatı nazirliyində vaksin oyunu... backend

KEÇMİŞ KƏND TƏSƏRRÜFATI NAZİRİNİN DÜNYA BANKI VƏSAİTLƏRİ HESABINA KEÇİRDİYİ TENDER OYUNLARINDAN BİRİ

2015-ci ilin dekabr ayının 28-də Dünya Bankının krediti hesabına Kənd təsərrüfatı nazirliyində həyata keçirilən Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layıhəsi tərəfindən Dövlət Baytarlığa Nəzarət Xidməti üçün İordaniyanın JOVAC şirkətinin istehsalı olan 6 500 000 doza REV-1 vaksininin alınması məqsədi ilə Şotlandiyada offşor kimi qeydiyyatdan keçmiş Networks Europe L. P. şirkəti ilə müqavilə imzalanmışdır.

Bu məqsədlə açıq beynəlxalq tender keçirilmişdir. Tenderdə aşağıdakı şirkətlər iştirak etmişdir:

1. İTG İnnovative Technologies Group (İsrail). Təklifin qiyməti: 845 000 EUR.
2. Networks Europe L. P. (Şotlandiya. Ünvanı: Suite 1, 78 Montgomery Street, Edinburgh EH7 5JA, Scotland). Təklifin qiyməti: 747 500 USD.
3. Vetal Hayvan Sagligi Urunleri A.S. (Türkiyə). Təklifin qiyməti: 705 000 USD.
4. CNN Caucasiya (Gürcüstan. Ünvanı: Free İndustrial Zone, plot 545, registration zone-Poti, area 01, Georgia). Təklifin qiyməti: 650 000 USD.
5. Research and Production “Antigen” Co Ltd. ( Qazaxıstan).Təklifin qiyməti: 643 500 USD.
6. Laboratorios Syva s.a.e. (İspaniya). Təklifin qiyməti: 442 000 EUR.
Bunlardan ikisi offşor şirkətdir (Networks Europe L. P. və CNN Caucasiya), üçü istehsalçıdır (Vetal Hayvan Sagligi Urunleri A.S., Research and Production “Antigen” Co Ltd. və Laboratorios Syva s.a.e.) biri isə (İTG İnnovative Technologies Group) vasitəçi şirkətdir.

Dünya Bankı ilə imzalanmış Kredit Sazişinin tələblərinə uyğun olaraq keçirilmiş tenderin protokolu Dünya Bankı tərəfindən təsdiq edilmişdir. Dünya Bankının qaydaları offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlərə hər hansı bir məhdudiyyət qoymur və protokolla tanış olarkən ilk baxışda hər şey normal görünür. Lakin Dünya Bankına təsdiqə göndərilmiş protokolda hər iki offşor şirkətin təkliflərinin eyni adamlar tərəfindən hazırlanmasını təsdiq edən faktlar öz əksini tapmamışdır. Belə ki:

1. Biri Şotlandiyadan digəri Gürcüstandan olan hər iki şirkətin tenderdə iştirak etmək üçün təqdim etdikləri Bank zəmanətləri Bakıda(!!!) eyni gündə eyni bankdan (Standart bank) alınmışdır.

2. Tenderin açılışinda hər iki şirkəti təmsil edən nümayəndələr Bakıda eyni şirkətdə işləyirlər.

3. Hər iki şirkətin nə Azərbaycanda, nə Gürcüstanda nə də Şotlandiyada nə ofisləri var nə işçi heyəti var nə də telefonları var (!!!).

Dünya Bankının qaydalarına görə belə halda hər 2 şirkətin təklifi rədd edilməli və qalib Avropa istehsalı olan daha yüksək keyfiyyətli vaksin (İspaniya istehsali) təklif etmiş İTG İnnovative Technologies Group (İsrail) tenderin qalibi hesab edilməli idi.

H.Əsədov nazir təyin ediləndən əvvəlki illər Layihə tərəfindən həmin vaksin birbaşa, eyni istehsalçından (yəni İordaniyanın JOVAC şirkətindən) 1 dozası 0,07 USD qiymətinə, indi isə müəmmalı offşor şirkət vasitəsi ilə 0,11 USD qiymətinə alınmışdır.

Hələ bu az imiş! Layihə idarə etmə qrupu layihənin satınalma planına dəyişiklik edərək həmin vaksinlərin təkrar satınalınmasını tender keçirmədən (!) yalnız kağız üzərində mövcud olan Networks Europe L. P. “şirkəti”ndən 2018-ci ilin oktyabr, 2019-cu ilin dekabr aylarında birbaşa müqavilə satınalınması qərarına gəlmişlər və bunu Dünya Bankının rəsmi saytında dərc etmişlər.

http://documents.worldbank.org/curated/en/802401524651501435/pdf/PROP-P122812-PUBLIC-PPACIP.pdf

Həmin tarixə hələ nə qədər vaxt qalmasına baxmayaraq Satinalma planında həmin vaksinlərin satınalınmasının icrasının artiq 2019-cu ilin 27 dekabrında başa çatması da bir gün dəqiqliklə planlaşdırılmışdır (?).

Ümid edək ki, bu biabırçı fakt Kənd təsərrüfatı nazirliyinin yeni rəhbərliyi və Dünya Bankının yerli ofisinin diqqətindən yayınmayacaq.

Qeyd: Mətbuatda bildirildiyi kimi keçmiş nazirin sevimli Networks Europe L. P. şirkəti sən demə “çoxprofillidir” vaksinlə yanaşı Aqrolizinq QSC–nə kotan-traktor da “satmışdır”.


Samir Seyidli
QAZİLER.AZ

Diaspora