Azərbaycanın sığorta bazarı 11 faiz artıb

Azərbaycanın sığorta bazarı 11 faiz artıb backend

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 166 milyon manat sığorta haqqı toplanıb. Lent.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur. 4 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 58,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-aprel aylarında 29,6 manat olub.

Həyat sığortası bazarında yığımlar 3%, ödənişlər isə 7,8 dəfə artıb

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 25,2%-i və yaxud 41,9 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 2,6% böyüyüb.
Həyat sığortasındakı yığımların təxminən 51,3%-i və ya 21,5 milyon manatı həyatın yaşam sığortasının, 35,6%-i və ya 14,9 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,8%-i və ya 5,4 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 0,3%-i və ya 137 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
4 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə təxminən 18 milyon manat təşkil edib. Bu isə ümumi ödənişlərin 31%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 7,8 dəfə çoxdur.
Həyat sığortası üzrə ödənişlərin təxminən 90,3%-i və ya 16,3 milyon manatı həyatın yaşam sığortasının, 5,2%-i və ya 942 min manatı həyatın ölüm halından sığortasının, 4,5%-i və ya 812 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 43,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 5,9 manat olub.

Qeyri-həyat sığortası bazarında yığım 14% artıb, ödəniş isə 4% azalıb

2015-ci ilin yanvar-aprel aylarında, Azərbaycanda toplanmış sığorta haqlarının 124,1 milyon manatı və ya 74,8%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 14,2% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların təxminən 30,2%-i və ya 37,5 milyon manatı tibbi sığortanın, 18,2%-i və ya 22,6 milyon manatı avtomobillərin icbari sığortasının, 9%-i və ya 11,1 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 8,6%-i və ya 10,6 milyon manatı kasko sığortasının, 7,2%-i və ya 8,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 4,7%-i və ya 5,8 milyon manatı hava nəqliyyatı vasitələrinin sığortasının, qalan 22,1%-i və ya 27,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

4 ay ərzində sığorta ödənişlərinin 69%-ni və ya 40,1 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 42,2%-i və ya 16,9 milyon manatı tibbi sığortanın, 25,9%-i və ya 10,4 milyon manatı avtomobillərin icbari sığortasının, 20,9%-i və ya 8,4 milyon manatı kasko sığortasının, qalan 11%-i və ya 4,4 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,3 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-aprel aylarında bu göstərici 38,5 manat olub.

Azərbaycanın sığorta bazarının 67%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-aprel aylarında, Azərbaycanda toplanmış sığorta haqlarının 66,7%-i və ya 110,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49% çoxdur.

İcbarı sığorta növlərində yığımlar isə 55,2 milyon manat və ya bazarın 33,3%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 28,7% böyüyüb.
4 ay ərzində ümumi ödənişlərin 76,3%-i və ya 44,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 40% artıb.

İcbarı sığorta növləri üzrə ödənişlər isə 13,8 milyon manat və ya ümumi bazarın 23,7%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9,8% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 40 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 29,7 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 29,2 manatdan 24,9 manata düşüb.
Diaspora