"Dövlət banklara vətəndaşların borclarını bağışlamaqla bağlı şərt qoya bilməz, sadəcə tövsiyə edə bilər”.
Bunu "Sherg.az”a deputat Əli Məsimlinin 3 min dollara qədər kredit borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borclarının bağlanması barədə təklifinə münasibət bildirərkən bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyib.Onun sözlərinə görə, bu təklifin reallaşdırılması banklardan asılıdır:
"Dövlət bunu tələb edərsə, büdcədən vəsait ayırmalı, banklara bunu ödəməlidir. Əsas məsələ odur ki, nə qədər vəsaitdən söhbət gedir? Dövlət bu pulu ödəyə biləcəkmi? Məsələyə Nazirlər Kabineti, müvafiq qurumlar rəy verməlidir”.
Şəhid ailələri və pensiyaçılarla yanaşı, bu güzəştlərin digər kateqoriyalı vətəndaşlara şamil olunmasına gəlincə, Əkrəm Həsənov vurğulayıb ki, bu, birmənalı qarşılanmayacaq:
"Tutaq ki, bir nəfər qadın tək övlad böyüdür və banka krediti var. Bu zaman aztəminatlı ailələr də məsələyə qarışacaq. Ona görə, kredit güzəştlərinin tək şəhid ailələrinə deyil, ümumilikdə aztəminatlı ailələrə şamil edilməsi daha məqsədəuyğun olar”.