“Dünya bazarında avronun dollara məzənnəsində müşahidə edilən yüksəliş avronun bahalaşmasına səbəb olub”.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə, avro son 5 ildə ən baha kursla satılır:“Avropa pulunun dünya bazarında bahalaşmasının əsas səbəbi bu həftə açıqlanan ABŞ-ın aprel ayı üçün pərakəndə satış rəqəmlərinin neqativliyi ilə əlaqədardır. Kifayət qədər bədbin rəqəmlər Birləşmiş Ştatların iqtisadiyyatı ilə bağlı proqnozların neqativləşməsinə və bununla da dolların dünya bazarında mövqelərinin zəifləməsinə səbəb oldu. Praktik olaraq dolların son illərdəki möhkəm məzənnəsi digər aparıcı ölkələrin, eləcə də avrozonanın mərhələli sağalmasına təsir göstərdi. Nəticədə ixrac imkanları məhdudlaşan ABŞ-da makro-iqtisadi proqnozlara düzəlişlər edildi. Bu həftə Birləşmiş Krallıq və Avstraliyada da milli valyutaların məzənnəsində möhkəmlənmə qeydə alındı. Digər tərəfdən Yunanıstanın da borc öhədliklərini mərhələli yerinə yetirməsi avronun məzənnəsinə müsbət təsir göstərməyə başlayıb. Eyni zamanda, Avropa Mərkəzi Bankının mayın 13-dəki açıqlamasında avrozona iqtisadiyyatının aprel ayında 1 faiz artıdığı bildirildi. Bu isə sözügedən zonada rüblük 0.4 faiz artıma nail olunması deməkdir”.
İqtisadçı bildirib ki, Avropa iqtisadiyyatı üçün tam rəqəmli artım indiki məqamda olduqca arzuolunan hesab edilə bilər:
“Bu, eyni zamanda, Avropanın vahid valyutasının məzənnəsinə müsbət təsir göstərməkdədir. İngiltərə Bankının avrozonadan kənarda qalan Böyük Britaniya üçün açıqladığı nikbin rəqəmlər də dünya bazarında dollara təzyiqi artırdı. Hələlik investorlar avroya böyük həcmdə vəsait yönəltməyə tələsmir. ABŞ-da aprel ayı üçün rəqəmlərin pisləşməsinin bu ölkənin qərb sahilində pis hava şəraiti ilə də izah edilir. Buna görə də, mayın yekunları investorların qərarlarına təsir göstərəcək. Bununla yanaşı uzun müddət möhkəm qalan dolların ABŞ üçün “baş ağrısına” çevrilməsi şübhəsizdir. Buna görə də güman olunur ki, Vaşinqton dolların mərhələli zəiflənməsində maraqlı olacaq. Hələlik isə kəskin azalmalar proqnozlaşdırılmır”.