Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr genişlənir

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr genişlənir backend

Bu gün İqtisadiyyat və Sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

İqtisadiyyat və Sənaye Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulamışdır. Əlaqələrimizin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti qeyd olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərlərinin, əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin əməkdaşlığımızın inkişafına təkan verdiyi diqqətə çatdırılmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini qonaqların diqqətinə çatdıran Şahin Mustafayev Səudiyyə Ərəbistanının münaqişə ilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini bildirmişdir. İndiyədək müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair iki ölkə arasında 18 sənəd imzalanmışdır. Azərbaycanda bir sıra Səudiyyə Ərəbistanı kapitallı şirkətlər uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir. Müştərək Komissiyanın fəaliyyəti də iki ölkə arasında əlaqələrin inkişafına öz müsbət töhfəsini verir. Səudiyyə İnkişaf Fondunun kredit vəsaitləri hesabına Azərbaycanda bir sıra layihələr reallaşdırılıb, bir sıra layihələr isə davam etdirilir.

Azərbaycan–Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, Şahin Mustafayev qeyd etmişdir ki, bunun üçün hüquqi bazanın genişləndirilməsi, ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilməlidur. Bundan başqa, iş adamları arasında əməkdaşlığın qurulması və genişləndirilməsi üçün birgə biznes forumlar və təqdimatlar keçirilməldir.

Görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir, ölkəmiz iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçısıdır. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Transanadolu və Transadriatik Qaz Kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanın Avropanın qaz təchizatında rolunu artıracaqdır.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiə səmimi qəbula görə təşəkkür etmiş, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır. Bildirilmişdir ki, Səudiyyə Ərəbistan nümayəndə heyətinin Azərbaycana geniştərkibli səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin göstəricisidir. Ölkəmizdəki davamlı iqtisadi inkişafdan məmnunluğunu bildirən Tofiq Fəvzan Əl-Rəbiə Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd etmiş, ölkəmizdəki böyük turizm potensialının Səudiyyə Ərəbistanından olan turistlərin diqqətini cəlb etdiyini vurğulamışdır. Tofiq Fəvzan Əl-Rəbiə Səudiyyə Ərəbistanı iqtisadiyyatına dair məlumat vermiş, Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşmüşdür.

Həmin gün Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə II Azərbaycan - Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft- kimya, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak etmişdir.

Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrimizin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulamışdır. Biznes forumun iş adamları arasında maraqla qarşılandığını qeyd edən Şahin Mustafayev belə tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, növbəti biznes forum noyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək. İkitərəfli əlaqələrimizin möhkəm müqavilə-hüquq bazası mövcuddur və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya və digər sənədlər iqtisadi sahədə əlaqələrin inkişafında əhəmiyyətlidir. Hüquqi bazanın genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İkitərəfli ticarət əlaqələri iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edən Şahin Mustafayev ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensialın olduğunu, bu sahədə əlaqələrin daha da inkişafı üçün hər iki tərəfin səylərini artırmalı olduğunu bildirmişdir. Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarına toxunaraq, sənaye, kənd təsərrüfatı, investisiya, İKT sahəsində əməkdaşlıq perspektivlərini diqqətə çatdırmışdır.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu vurğulamışdır.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiə Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, səfər zamanı ölkəmizdəki sosial-iqtisadi inkişafın şahidi olduqlarını vurğulamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Səudiyyə Ərəbistanına səfərinin, Müştərək Komissiyanın fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, hər iki ölkə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən Tofiq Fəvzan Əl-Rəbiə iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Al-Zamil, Sənaye qruplarının təkmilləşdirilməsi haqqında Səudiyyə Ərəbistanı Milli Sənaye Qrupunun vitse-prezidenti Abdulmajeed Al Maymoon ölkəsinin iqtisadiyyatına, investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə, “Saudi Export” təşkilatının biznes inkişafı üzrə direktoru Bassam Alauja təşkilatın fəaliyyətinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə, Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Saleh Abdullah Aladdad fondun işinə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə baş direktoru Samir Tağıyev korporasiyanın fəaliyyətinə dair çıxış etmişlər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.
Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarətət nümayəndə heyəti səfər çərçivəsində “Bakı Ağ Şəhər”də olmuş, burada görüşlmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olmuşlar. Səudiyyə Ərəbistanından olan qonaqlara “Bakı Ağ Şəhər” layihəsi barədə ətraflı məlumat verlilmişdir. Qonaqlar həmçinin, Füzuli küçəsində sürüşdürülməklə yeri dəyişdirilmiş memarlıq binası ilə tanış olmuşlar.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkı və “Greentech” İstixana Kompleksində olacaqlar.
Diaspora