(Fələstinli həmkarım, şəhid-jurnalist Yasir Mürtəzaya xəyali müraciətlə)
Əzizim Yasir!Əvvəla, Sizlərin - sənin, müqəddəs torpaqlarda ali ideallar uğrunda canından keçənlərin və bütün İslam dünyası şəhidlərinin pak ruhlarına Uca Allahın salamı olsun!
Məlumdur ki, indi ayrı-ayrı məkanlardayıq – sən mütləq haqqın hökm verdiyi, əsil həqiqət, ləyaqət, mənəviyyat prinsiplərinin bərqərar olduğu baqi, mənsə zorun, yalanın, riyakarlığın, ədalətsizliyin meydan suladığı fani dünyada…
Biz həm də başqa mərtəbələrin sakinləriyik: sən - daim oyaq, meydanlarda qələminlə, fotoaparatınla, videokameranla cihada qalxıb behişt qazanan; bəndeyi-həqir isə 7-8 istiqamətin kəsişdiyi yolayrıcında boylana-boylana qalmış, yaxud isti otaqda, kompüterin qarşısında mürgülü vəziyyətdə ara-sıra klaviaturanı taqqıldatmaqla “lazım gəlsə”ni gözləyən…
Təbii ki, eyniliklərimiz, ortaqlıqlarımız, bənzərliklərimiz də az deyil, ən başlıcası, hər ikimiz işğala məruz qalmış, çoxsaylı qaçqın-köçkünü olan, düyanın ikili standartlarla yanaşdığı ölkələrin vətəndaşıyıq – Fələstinə İsrail, Azərbaycana Ermənistan təcavüz edib, amma müdafiəçiləri, qidalandıqları, söykəndikləri mənbə birdir: beynəlxalq sionizm.
Unutmamalıyıq ki, əslində Qarabağın və ətraf rayonların ilhaqı da Qüdsün işğalının davamıdır. Yəni beynəlxalq irtica bütün İslam dünyasını, müsəlman ölkələrini istilaya elə İkinci Cahan savaşından sonra başlayıb – Kəşmir, Əfqanıstan, Suriya, Yəmən faciələrinin təməli dolayısı ilə 1948-ci ildə qoyulub. Bu gün bizləri “hansısa ərəb probleminin müdafiəsinə” qalxmaqda qınayanlar anlamırlar ki, Qüds bütün Məhəmməd ümmətinin şərəf, qürur məsələsidir, dini kimliyimiz, izzət və namus etalonumuz, iman hüdudlarımızdır, ruhumuzun azadlığı, dünya-axirət səadətimizə təminatdır… Və ən ümdəsi, zaman göstərir ki, mürtəce qüvvələr yaranmış xaosdan bəhrələnərək təcavüzün başlanğıcında əldə elədikləri ərazilər və insan sayı ilə kifayətlənmirlər.
İzzətli qardaşım!
Sən bu torpaqlar uğrunda qurban gedən nə birincisən, nə də sonuncu… Əsrlərlə azğın müstəmləkəçilərin maraq dairəsində olan ərazilər mücadilə meydanına çevrilib, mücahidlərin qanı ilə suvarılıb. Təkcə bədnam Balfur bəyannaməsindən sonra başınıza hansı müsibətlər gəlmədi, neçə dövlətin nüfuz dairəsində bölünmədiz..? Nəhayət, 1947-ci il noyabrın 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxardı. Sənədə əsasən, Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1% ərazi isə beynəlxalq ərazi оlmalı idi.
Çox keçmədən sionistlər İsrail dövlətinin yaradıldığını elan etdilər. İşğalçılıq siyasəti nəticəsində tədricən Fələstin ərazisinin 77%-ni (20770 kvadrat km) də tutmağa nail оldular. Həmin ərazilərdə yaşayan 925 min fələstinlinin 800 min nəfərini didərgin salaraq, özləri məskunlaşdılar. 1948-ci ilin sonunda Fələstində 1 milyon 400 min nəfər fələstinli yaşayırdı. Siоnistlər işğal edilmiş ərazilərdəki 585 kənddən 478-ini dağıdaraq, 34 qanlı qırğın törətdilər. Fələstinin qalan ərazilərini – Qərb Sahilini əhatə edən 5876 kvadrat kilometrlik ərazini İordaniya, Qəzza bölgəsini isə Misir öz ərazisinə birləşdirdi. 1967-ci il iyun müharibəsi nəticəsində yəhudilər Fələstinin qalan hissəsini də qəsb edə bildilər. Bu ərazilərə Fələstinin qərb, Qüdsün isə şərq hissəsi və Qəzza zоlağı da daxil idi. Bu zaman 330 min fələstinli öz daimi yaşayış yerlərindən didərgin düşdü. Həmçinin Suriyanın Colan təpələri (1150 kvadrat kilometr) və Misirin Sina (61198 kvadrat kilometr) yarımadası da işğala məruz qaldı.
Siоnistlər 1948-ci ildən mənimsədikləri ərazilərdə məskunlaşmaq üçün 756 şəhər və kənd saldılar. 1967-ci il müharibəsindən sonra qərb ərazilərinin 60 faizini müsadirə edərək, özləri üçün daha 192 yaşayış məskəni qurdular. Bundan başqa Qəzza zolağının 30 %-ni də müsadirə edərək, 14 yeni yaşayış məskəni tikdilər. Fələstinliləri həmin yerlərə qayıtmasının yasaqlandığı bir dövrdə təcavüzkar İsrail xaricdə yaşayan yəhudilərin bura emiqrasiyası üçün bütün vasitələrdən bəhrələndi. Belə ki, 1949-2000-ci illər ərzində Fələstinə köçən yəhudilərin sayı 2 milyon 800 min nəfərdən çox olmuşdur. Məqsəd 2002-ci ildə Fələstindəki ümumi saylarıını 5 milyon 200 min nəfərə çatdırmaq idi. İşğalçılar Qüdsü yəhudiləşdirməyə daha çox diqqət yetirirdilər. Belə ki, şəhərin 86 faizinə ağalıq edən İsrail, müqəddəs məkanı yəhudi muhacirlərlə dоldurmağa başladı.
Onlar Əqsa məcdini də öz əllərinə keçirməyi düşünürdülər. Buna görə də yəhudilər məscidin qərb divarını (Ağlama Divarı) müsadirə etdilər. Yanındakı Məğaribə qəsəbəsini də dağıdaraq, yerləri mənimsədilər. Əqsanın altında indiyə kimi 10 mərhələdə qazıntı işləri apararaq tunellər qazıblar ki, məscidin hər an uçulub-dağılma təhlükəsi var. 30-a yaxın terror qruplaşması yaratmaqda məqsədləri Əqsa məscidini dağıtmaq, yerində isə Süleyman məbədi tikməkdir. İyrənc niyyətlərinə çatmaq üçün 1967-ci ildən 1998-ci ilə qədər 112 təxribat törədiblər. Ən ağrılısı 1969-cu il avqust ayının 21-də Əqsa məscidinin yandırılmasıdır.
Dəyərli Şəhidim!
Yaxın-uzaq keçmişlərin acı həqiqətlərini yaxşı bildiyindən, indi belə faktları mübarək ruhun qarşısında sadalamağın yalnız bir önəmi var: görəsən, biz tarixi unutmamışıq ki?! Bütün bunların dəhşətli tərəfi isə cinayətkar hadisələrin duyanın, beynəlxalq birliyin gözü qarşısında baş verməsidir. Lap elə sonuncu “Torpaq Günü” və “Böyük Qayıdış Yürüşü” zamanı cərəyan edən prosseslər kimi... Məsələ ondadır ki, fələstinli qaçqınların öz yurdlarına qayıtmaq hüququna malikliyi haqqında BMT -nin çıxardığı qərarların sayı 110 civarındadır, amma masonların güclü maneçiliyi üzündən bunların heç biri icraya yönəlməyib. Vətənsevər və qürurlu xalq doğma ev-eşiyinə qayıtmaq haqqından vaz keçməyərək Fələstindən qeyri ərazilərdə yerləşməni nəzərdə tutan 243 təklif və planı rədd edib. Statstik hesablamalardan aydınlaşır ki, 1948-ci ildə yağmalanmış tоrpaqlardan 5 milyon 400 min nəfər qaçqın düşüb. Həmçinin, Qəzza bölgəsindən və Qərb Sahilindən qоvulmuş təxminən 1 milyona yaxın fələstinli öz vətənlərinə qayıtmaqdan məhrumdur. Qaçqınların ümumi sayı 6 milyon 400 nəfərdir ki, bu da Fələstin xalqının 68%-ni təşkil edir. Deməli, fələstinlilər dünyada ən çоx qaçqını оlan xalqdır.
Hələ bu azmış kimi, dünya imperializmi quduzluğun daha qlobal miqyasına rəvac verir, irticaya müxtəlif don geyindirərək geniş yayılmasına çalışır. Ötən ilin sentyabrından ABŞ prezidenti Qüdsü qondarma İsrailin paytaxtı olaraq tanıdı və öz səfirliyini bu şəhərə köçürəcəyini bildirdi. Ər-Riyad konfransında İranı düşmən tərəf saydı, HƏMAS və Hizbullah-ı terror siyahısına salmaqla hədələdi. Yaxın günlərdə Vaşinqtonda sionist tör-töküntüləriylə görüşən Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Fələstin torpaqlarında İsrailin də “haqqının varlığını” açıqladı və sair.
Əli hər yerdən üzülmüş məzlum kütlələrsə qanuni tələblərindən və dinc mübarizəsindən bir addım da geri çəkilmir və buna görə sən və xalqın sonsuz ehtirama və alqışa layiqsiz. Belə məqamda “Torpaq Günü”nün mahiyyəti barədə hörmətli oxucular üçün açıqlama yerinə düşər: əlamətdar tarix 1976-cı ilin 30 martında Fələstin torpaqlarının işğalına etiraz günü kimi tanınıb. Sionist rejim 27 min kv km-lik Fələstin torpaqlarının 85 faizini işğal edib, həmin ərazinin yalnız 15 faizi fələstinlilərin nəzarəti altındadır. “Torpaq Günü” Fələstin torpaqlarında zorən qurulan işğalçı İsrailə müqavimət simvolu sayılır. Bu il “Torpaq Günü”nün 42-ci ildönümüdür. Qəzza Zolağında yaşayan mübarizlər BMT-nin “Fələstinlilər işğal olunmuş torpaqlara qayıtmalıdır” müddəasını ehtiva edən 194 saylı qətnaməsini rəhbər tutaraq, ötən həftədən etibarən Xan Yunus məntəqəsindən Böyük Qayıdış Yürüşünə start veriblər. Əliyalın, silahsız 50 min insanın işğal altındakı torpaqlara axışaraq şüarlar səsləndirməsi çoxlarını heyrətləndirsə də, sionist rejimi və Ağ Evi qorxuya salıb.
Möhtərəm cənab Mürtəza!
Sən özün də gördün ki, rəsmi Təl-əviv heç nədən çəkinməyərək həyasızcasına yüksəkliklərdə yüzlərlə snayper yerləşdirmişdi və atəş əmrini, döyüş güllələrindən istifadəni heç gizlətmədi də... Bu cinayətləri haqsız və planlaşdırılmış qərar adlandıran İnsan Haqları Təşkilatı (Human Rights Watch) yaydığı bəyanatda nümayişçilərə qarşı əsl silahdan istifadəyə görə İsrail hərbi rəhbərliyini tənqid etdi.
SAXAL rəhbərliyi beynəlxalq cəmiyyətdən gələn xırda təpkilərə baxmayaraq, əsgərlərə verdiyi "sərhədə yaxınlaşanı vurun" əmrini dəyişmədi. Müdafiə naziri Aviqdor Liberman “Böyük Qayıdış Yürüşü” iştirakçılarını qətliamla təhdid etdi. ABŞ prezidentinin xüsusi nümayəndəsi Cason Qrinblattfın açıqlaması isə İsraili daha da cəsarətləndirdi. O, fələstinli nümayişçilər sərhədə 500 metrdən çox yaxınlaşsalar, ölə biləcəkləri təhdidini səsləndirərkən, işğalçı rejimə hər hansı kiçik irad belə, bildirmədi. Nəticədə, iki həftə öncə başlayan aksiyalarda qətlə yetirilənlərin sayı 25 nəfərə çatıb, 1600 nəfərdən çox insan yaralanıb. Qırmızı Aypara Cəmiyyəti 218 nəfərin məhz döyüş gülləsindən xəsarət aldığını xəbər verir. Ötən cümə ikinci dalğada səslərini dünyaya çatdırmağa çalışan fələstinlilər İsrail snayperlərinin qarşısını almaq üçün sərhəd xəttində minlərlə rezin təkər yandırıblar. Aksiyaçıların əsas tələbi İsrailin Qəzza bölgəsinin blokadasına son qoyması və onların qəsb olunmuş torpaqlara geri dönməsinə imkan tanımasıdır.
Etiraz tədbirləri sərhədin 5 fərqli hissəsində reallaşdırılıb. Bunların ən unikalı kitaboxuma aksiyasıdır. Fələstinlilər Qəzzanın şərqində və Qəzza zolağındakı Rifah şəhərində İsrail "sərhədində" qurulan “Al Awda “ (geri çevril) düşərgələrində oxuma aksiyası keçiriblər. Kitaboxuma 2015-ci ildə şəhidlik məqamına yüksələn Baha Alanın təşəbbüsüdür və onun xatirəsinə həsr olunub. Və bir xalqın işğal gücləri kimi xaos istəmədiyinin, hüquqlarını dinc şəkildə tələb etmək üçün sərhədə toplaşdıqlarının əyani göstəricisi, dünyaya verdikləri mesajdır. Əlaqədar qurumlar isə kor və karcasına susurlar. Ərəb Liqasının 3 aprel müzakirəsinin real nəticəsi yoxdur. Küveyt tərəfindən BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarılması nəzərdə tutulan və İsraili cəzalandıra biləcək qətnamə layihəsinin qarşısı ABŞ tərəfindən alındı və sair.
Beləliklə, “Torpaq Günü” münasibətilə “Böyük Qayıdış Yürüşü”nün onminlərlə iştirakçısını barıt, qurğuşun yağışına tutan, qadına, uşağa, qocaya, namaz halında olana belə, aman verməyən təcavüzkara yenə də “gözün üstə qaşın var” deyən tapılmadı. Amma şanlı intifada, müqavimət hərəkatı dinc, sərt tələblərlə davam edir və düşmənin cəza maşınından qorxmadan hər gün əvvəlkindən daha mütəşəkkilliyi, sarsılmazlığı ona xüsusi əzəmət verir.
Və, sevimli Yasir Mürtəza, Sizlərin - bu yolda şəhadətə qovuşan, sağlamlığını itirən, zindanlara düşən, qaçqına çevrilən milyonların mübarək isminiz uca Yaradanın savab dəftərinə və Fələstin Azadlıq Hərəkatının şərəfli tarixinə silinməz hərflərlə yazılacaqdır. Bütün şəhidlərimizə Allah-təalanın rəhmət və bərəkət dəryasına qovuşmaları arzusu ilə sözümü Ali Rəhbər Seyid Əli Xamenei cənablarının tövsiyəsi ilə bitirmək istəyirəm:
“Bu gün İslam ümmətinin izzət və qüdrətə qovuşması, hegemonlar və onların xəbis təxribatları önündə sağlam durmasından asılıdır. Fələstin məsələsi kafirlər qarşısında, bütün qlobal İslami mövzuların başında dayanır. Yalançı, aldadıcı və qəsbkar rejim ilə danışıqlara getmək, Fələstin xalqının qələbəsini geriyə atacaq və zülm altındakı bu xalqın zərər görməsinə yol açacaq bağışlanmaz böyük xətadır.
Hər şeyin həqiqi dərmanı isə İslam dünyasında müqavimət yolunu gücləndirmək və qəsbkar rejimə və havadarlarına qarşı müqaviməti artırmaqdır. Millətlər və xüsusilə də İslam və ərəb ölkələrindəki qeyrətli gənclər, Fələstinə qarşı məsuliyyət hiss edən dövlətlər bu böyük vəzifəyə tamamilə əhəmiyyət verməli, dastana bənzər və tədbirli bir mübarizə ilə düşməni geri addım atmağa və məhvə sürükləməlidirlər”.