Lənkəranda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” mövzusunda tədbir keçirilmişdir.
Mayın 14-də Lənkəran şəhərində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak etmişdir.
Nazileikdən Qaziler.az verilən xəbərə görə, tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bildirilmişdir ki, yoxlamaların təşkili və aparılması, eləcə də bu sahədə dövlət orqanlarının fəaliyyətinin səmərəli təşkili məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlət başçısının 28 avqust 2013-cü il tarixli Fərmanı ilə bu Qanunun səmərəli tətbiqinə dair hüquqi mexanizm formalaşdırılmışdır. Qanun və onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi, bu sahədə yoxlayıcı orqanın, sahibkarların hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edir.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov Lənkəranda yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat vermiş, rayonda özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən bəhs etmişdir. Qeyd edilmişdir ki, sahibkarlığın inkişafına göstərilən diqqət, sahibkarların maarifləndirilməsi tədbirləri hər bir bölgədə olduğu kimi, Lənkəranda da fəaliyyət göstərən iş adamlarının hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradır.
İqtisadiyyat və Sənaye Nazirliyinin Hüquq şöbəsinin müdir müavini İlqar Poladov sahibkarların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik, sahibkarlıq
sahəsində aparılan yoxlamaların təşkili və aparılması qaydaları, yoxlamaların təşkili və s. barədə məlumat vermişdir. Bildirilmişdir ki, dövlət orqanları tərəfindən aparılan bütün yoxlama tədbirləri yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev yoxlamaların elektron uçotu, yoxlayıcı orqanların vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin məqsəd və prinsipləri, əhəmiyyəti, yenilikləri barədə məlumat vermiş, yoxlamaların əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparıldığını diqqətə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.