“Azneft” İstehsalat Birliyində növbəti təlimlər

“Azneft” İstehsalat Birliyində növbəti təlimlər backend

“Azneft” İstehsalat Birliyi neft və qaz hasilatının stabilləşdirilməsi və artırılması məqsədilə müasir neftqazçıxarma avadanlıqları və texnologiyalarının istifadəsini uğurla davam etdirir. Yeni üsullar tətbiq edilir, innovativ addımlar atılır.

Qaziler.az Atv.az-a istinadən bildirir ki, respublikamızda mavi yanacaq hasilatını artırmaq məqsədilə “Günəşli” yatağından hasil olunan alçaq təzyiqli səmt qazının sahilə nəql edilməsi üçün “28 May” NQÇİ-nin Neft Daşları ərazisində qaz kompressor stansiyası və 4 saylı Dərin Dəniz Özülündə alçaq təzyiqli və qazlift kompressor stansiyaları tikilərək istismara buraxılmışdır.

Avadanlıqların quraşdırılmasında ən son texnologiyalardan istifadə edilmişdir. “Azneft” İB yeni quraşdırılmış qaz kompressor stansiyalarında işləyə biləcək yüksək biliyə, bacarığa, təcrübəyə malik yerli mütəxəssislər hazırlamaq məqsədilə xaricdən mütəxəssislər dəvət etmişdir.

ABŞ-ın “Solar Turbines” şirkətinin əməkdaşları yerli mütəxəssislər üçün aprel və may aylarında üç mərhələli tədris kursları keçmişdir. Kursun birinci və ikinci mərhələsində “İdarəetmə və texniki xidmət prinsipləri” mövzusunda 30, üçüncü mərhələsində isə “TT4 idarəetmə sisteminə nəzarət” mövzusunda 8 mütəxəssisə təlim keçirilmişdir. Bunun davamı olaraq, “Azneft” İstehsalat Birliyinin “28 May” və “Neft Daşları” NQÇİ-lərinin qaz kompressor, qazlift kompressor və qazturbin istilik elektrik stansiyalarında işləyən işçiləri əhatə edən tədris proqramı keçirilmişdir. Burada ümumilikdə 125 nəfər mütəxəssisin bilik və bacarıqları yoxlanılaraq qiymətləndirilmişdir. Bu kimi təlimlərin Birliyin digər struktur vahidlərində də keçirilməsi planlaşdırılır.
Diaspora