Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Avropa şirkətlərinin ötən il ümumi gəlirlərinin 25,7 faizi internet satışından daxil olub. Onlayn kanal vasitəsilə həyata keçirilən satış həcminin ən yüksək xüsusi çəkisi Şimali və Mərkəzi Avropa şirkətlərində müşahidə olunub. Onlayn satışın 85,4 faizi şirkətin qeydiyyatdan keçdiyi ölkədən kənarda həyata keçirilib, 10,3 faiz digər Avropa ölkələrinin payına düşüb.
Onlayn satışda ən yüksək paya Lüksemburq şirkətləri (46,4 faiz) malikdir. Sonrakı yerlərdə Latviya (37,2 faiz) və Rumıniya (36 faiz) şirkətləri qərarlaşıb. Yunanıstanda ötən il satış həcminin yalnız 18,3 faizi internetin payına düşüb. Slovakiyada bu göstərici bir qədər yüksəkdir (19,2 faiz). Bu barədə Avropa Komissiyasının “Onlayn fəaliyyətlə məşğul olan şirkətlər” adlı tədqiqatında deyilir. Komissiya onu da açıqlayıb ki, xarici bazarlara mal satan hər beşinci şirkət ABŞ, İsveçrə, Norveç və İslandiyada mal və xidmətlər satıb.Hazırda internetdə digər Avropa ölkələrinə mal satmayan şirkətlər hələ də var. Bu şirkətlərin 21 faizi onlayn ticarəti genişləndirməyi düşünür, 58 faizi isə bunu heç vaxt etməyəcəyini bəyan edib. İnternet ticarəti ilə məşğul olan şirkətlər qiymətin baha olması kimi bir sıra çətinliklərlə üzləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, onları çatdırılma qiymətlərinin baha olması narahat edir, zəmanət və sifarişlərin geri qaytarılması da transsərhəd mübahisələrinin həlli kimi baha başa gəlir. Avropa İttifaqında onlayn ticarətin genişlənməsi yolunda maneə tənzimləmə və qanunvericiliyin təkmilləşdirilməsi qeyd olunur, - "Payspacemagazine” yazır.