Mənzil bazarında son durum

Mənzil bazarında son durum backend

“Aparılan monitorinqlər göstərir ki, bu gün əmlak bazarında iki istiqamətdə qiymət dəyişiklikləri müşahidə olunur”.

Qaziler.az bildirir ki, bu barədə Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O bildirib ki, daha çox torpaq sahələrinin qiymətində dəyişiklik müşahidə edilir:

“Daşınmaz əmlakın təklif qiymətində müəyyən artımların olmasına baxmayaraq, son 4 ayda mənzillərin real qiymətində təxminən 7 faiz azalma qeydə alınıb. Bu o deməkdir ki, alıcı varsa, satıcı qiyməti aşağı salır və bu, praktik olaraq real qiymətin daşınmaz əmlak bazarında mənzillər üzrə aşağı düşməsindən xəbər verir. Buna baxmayaraq, mənzil bazarında hazırda alıcıların sayı olduqca azdır. Tələbat az olduğuna görə bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Ancaq buna rəğmən, torpaq bazarında qiymət artımları var. Apardığımız monitorinqlərə görə, torpaq bazarında son 4 ayda təxminən 8 faiz artım müşahidə edilib.

Bu, torpağa olan tələbatın yüksəlməsi və alıcıların say çoxluğu ilə bağlıdır. Alıcıların sayının çox olmasının əsas səbəbi söküntülər zamanı kompensasiya alan vətəndaşların torpaq alaraq fərdi ev inşa etməyə üstünlük vermələridir. Bu isə özlüyündə torpağa olan tələbatın yüksəlməsinə gətirib çıxarır. Bunun digər səbəbi vətəndaşların müəyyən yığım pullarını torpaqda saxlamalarına üstünlük verməsidir. Nəticədə torpağa olan tələbat yüksəlir, bu da qiymət artımına gətirib çıxarır. İkincisi, torpaq sahələri mənzilə nisbətən məhduddur.

Bunun üçün də satış artdıqca torpağın məhdudluğu qiymətin yüksəlməsinə birbaşa təsir edir. Hazırda orta hesabla 3 sotluq torpaq sahələrinə tələbat daha yüksəkdir. Mərkəzdən kənarda - Bakı kəndlərində, o cümlədən, Xırdalan, Masazırda olan torpaq sahələrinə son aylar marağın artması müşahidə olunur. Bütövlükdə aparılan monitorinqlər torpaq bazarında məhz qeyd edilən səbəblərdən qiymət artımının olduğunu göstərir”.
Diaspora