Natiq Cəfərli:"Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, bu il qarın yağmaması məhsuldarlığa ciddi ziyan vuracaq amillərdən birinə çevrilə bilər"
"Qış aylarında qar yağması, torpağın qar örtüyü ilə qapanması məhsuldarlığa müsbət təsir edir”.Bu barədə "Shegr.az”a bu il qış aylarında qar yağmamasının kənd təsərrüfatına və iqtisadiyyata ziyanlarından danışarkən iqtisadçı, ekspert Natiq Cəfərli bildirib.
O vurğulayıb ki, bu ilin quraqlıq keçməsi kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuracaq:
"Bir müddət öncə bir neçə rayona səfər etdim. Bəzi rayonlarda artıq yaşıl otun cücərdiyini, tam yaz havasının gəldiyini müşahidə etdim.
Növbəti həftələrdə ciddi soyuqların düşməsi ehtimalı var. Proqnozlara görə, martın ortalarında hava kəskin pisləşə bilər. Çünki Türkiyə üzərindən kəskin hava kütləsi ölkəmizə daxil olur. Əkin zamanı, martın əvvəllərində şaxta düşsə, qar yağsa məhsuldarlığa ciddi ziyan dəyə bilər. Bu əkini də gecikdirər.
Qlobal olaraq, su və suvarma məsələsinə gəlincə, Azərbaycanın yaxın 15-20 ildə ən böyük problemlərindən biri su problemi olacaq. Çünki əhalinin sayı, kənd təsərrüfatına önəm artır. Çox su tələb edən texniki bitkilərin əkilməsi də artır. Həm suvarma, həm əhalinin içməli su kimi istifadə edəcəyi su qaynaqları ölkəmizdə azdır.
Bol sulu çaylarımız həddindən artıq azdır, hətta bəzi çayların adı var, üzərində körpü tikilib, amma çay quruyub. Ona görə, su probleminə ciddi yanaşmaq lazımdır.
Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, bu il qarın yağmaması məhsuldarlığa ciddi ziyan vuracaq amillərdən birinə çevrilə bilər. Əkin zamanı, gecikmiş qar yağıntıları olsa, məhsuldarlığa daha artıq ziyan dəyəcək”.