Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, ötən il bu ölkədə 87 mindən çox əcnəbiyə iş icazəsi verilib.
Bunların 2 min 449 nəfəri azərbaycanlıdır.Virtualaz.org xəbər verir ki, bu barədə İhlas Agentliyi məlumat yayıb. İş icazəsi üçün 100 min nəfərdən çox insan müraciət etsə də, onlardan13 min nəfərin sorğusu rədd edilib.
Mənbənin yazdığına görə, Türkiyədə çörək qazanmağa gələnlərin əksəriyyəti – 20 min nəfərdən çoxu suriyalıdır. Növbəti yerlərdə isə Gürcüstan (7 min 317 nəfər), Qırğızıstan (6 min 360 nəfər), Ukrayna (5 min 761), Çin (4 min 288 nəfər), Türkmənistan (3 min 847 nəfər), Hindistan (3 min 55 nəfər), Özbəkistan (2 min 465 nəfər) vətəndaşları gəlir. Azərbaycanlılar isə bu siyahıda 8-ci sırada yer alıb.
Nazirlikdən həmçinin bu statistikanın ildən-ilə artdığını qeyd ediblər. Məsələn, 2011-ci ildə Türkiyədə işləmək icazəsi verilən əcnəbilərin sayı 17 min 467 nəfər olubsa, 2014-cü ildə bu rəqəm 52 min 304, 2015-ci ildə 64 min 833, 2016-cı ildə isə 73 min 584 nəfərə çatıb.