Son 20 gün ərzində dünya bazarlarında neftin qiyməti 8,1 dollar və ya 11,5 faiz ucuzlaşıb. Yəni 20 gün öncə bir barreli 70,8 dollara satılan neft indi 62,8 dollara satılır.
Axar.az xəbər verir ki, bu haqda keçmiş maliyyə naziri, professor Fikrət Yusifov qeyd edib. İqtisadçı bildirib ki, 2016-cı ilin yanvar ayından sonra neftin qiymətlərində belə kəskin azalma müşahidə olunmayıb:“Qiymətlərdə kəskin azalmalar 2014-cü ilin ikinci yarısından başlayaraq 2015-ci ilin sonlarına qədər müşahidə edilmişdi. Bəs neftin qiymətləri 70 dollarlıq psixoloji həddi keçdikdən sonra nə baş verdi? Yenə də ABŞ-ın neftin qiymətləri ilə bağlı “strategiyası” işə salınır. Təkcə 2018-ci ilin yanvarında ABŞ-da gündəlik neft hasilatı 100 min barrel artıb. Birləşmiş Ştatların gündəlik ümumi neft hasilatı artıq 10,2 milyon barreldir. Bu, ABŞ-da neft hasilatı üzrə 1970-ci illərin rekordunun yenilənməsi deməkdir. Yetmişinci illərdə ABŞ-da gündəlik neft hasilatı 9,6 milyon barrel təşkil edirdi. Bu günə məlum olan odur ki, cari ilin sonuna qədər ABŞ gündəlik neft hasilatını 10,6 milyon barrelə, 2019-cu ildə isə 11,2 milyon barrelə çatdırmağı hədəfləyir”.
Qeyd edək ki, hazırda VTİ nefti 1 barrelə görə 59,17, “Brent” markalı neft isə 62,80 dollara satılır.