2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra geniş vüsət alan bahalaşma dalğası, manatın məzənnəsinin sabitləşməsinə rəğmən 2017-ci ildə də davam etdi.
Xüsusilə devalvasiyadan sonra 3 dəfəyə qədər yüksələn kərə yağı qiymətləri gömrük rüsumlarının endirilməsindən sonra da həqiqi bazar dəyərini ala bilmədi.Xatırladaq ki, 2017-ci ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə salınması ilə bağlı qərar qəbul edib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
4 aya yaxındır qüvvədə olmasına baxmayaraq, qərar hələ də kərə yağının qiymətində əsaslı azalmaya səbəb olmayıb.
2017-ci ilin son aylarında Yeni Zellandiya istehsalı “Westgold” və “Anchor” kərə yağlarının 1 kiloqramı 17-18 manata, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilirdi. 2015-ci ilin 21 fevral devalvasiyasına qədər isə qeyd edilən kərə yağlarının hər biri ən azı 10 manat ucuz satılırdı.
Milli Məclisin İqtisadi siyasət. Sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, daxili bazardakı vəziyyət nəzərə alınaraq, hökumət tərəfindən tənzimləmə prosesi həyata keçirilib:
“Gömrük rüsumları 15 faizdən 5 faizə endirildi. Ötən ilin noyabrında atılan bu addım qiymətlərdəki müəyyən sıçramların qarşısını almağa yönəlmişdi. Kərə yağları həqiqətən çox bahadır. Bu tənzimləmələrdən sonra ucuzlaşma olsa da, 3 dəfəyədək bahalaşma, 1 manatla aradan qalxmır. Faktiki olaraq, gömrük rüsumlarının faiz dərəcələrinin aşağı salınması kərə yağının qiymətlərinə ciddi təsir etməli idi. Qərar yeni qəbul ediləndə 1 manatadək ucuzlaşma hiss edildi. Amma indi yoxdur”.
V.Əhmədov bildirib ki, rüsumların endirilməsi daxili bazara ciddi təsir etməli idi:
“Əgər etmirsə, demək bundan qazananlar yenə də monopolistlərdir. Çünki gömrük rüsumlarının endirilməsinin əhəmiyyəti hiss edilmir.Əgər dünya bazarında kərə yağı istehsalında, onun ölkəmizə gətirilməsində problem yoxdursa, mütləq şəkildə qiymətlər aşağı düşməlidir. Düşmürsə, İqtisadiyyat Nazirliyi ciddi yoxlamalara başlamalı, monitorinqlər keçirməlidir”. (modern.az)