Ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu 5 min 560 sahibkarı güzəştli kreditlə təmin edib ki, bu da əvvəlki ilə nisbətən 24,4 faiz çoxdur.
Regionlarda, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə sahibkarlarla keçirilən 47 görüşdə davamlı olaraq maarifləndirmə işləri aparılıb. Nəticədə minlərlə sahibkara güzəştli kreditlərin alınma mexanizmi barədə təlimatlar verilib, nümunəvi layihələr təqdim olunub.Bu sözləri İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev AzərTAc-a eksklüziv müsahibəsində deyib. Şirzad Abdullayev daha sonra diqqətə çatdırıb ki, 2014-cü ildə 70-dən artıq iri həcmli layihələr həyata keçirilib. Xüsusilə aqrar sektorun inkişafında önəmli rol oynayan istehsal-emal və infrastruktur müəssisələri və kənd təsərrüfatının inkişafı üçün lazım olan digər müəssisələrin maliyyələşdirilməsi təmin edilib ki, bunlar da növbəti illərdə aqrar sektorda yüksək nəticələrin əldə olunmasında müstəsna rol oynayacaq. 2014-cü ildə on minlərlə hektar ərazilərdə fermer təsərrüfatlarının yaradılmasına 32 milyon manat güzəştli kreditlərin verilməsi təmin olunub, quşçuluq müəssisələri və heyvandarlıq kompleksləri maliyyələşdirilib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda süd emalı ilə məşğul olan müəssisələrin xammalla təmin edilməsində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yaradılmış iri fermer təsərrüfatları müstəsna rol oynayır. Quşçuluq təsərrüfatlarında da uğurlar xeyli yüksəlib. Sevindirici haldır ki, keçən il 364 tona qədər quş əti ixrac edilib. Növbəti illərdə bu rəqəmin daha yüksək olacağı gözlənilir. İcraçı direktor daha sonra deyib ki, bu həftədən sahibkarlara güzəştli kreditlərin verilməsinə başlanılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə aqroparkların yaradılması, onların nəzdinə istehsal müəssisələrinin maliyyələşdirilməsi, aqroparklarla əməkdaşlıq edəcək kiçik və orta sahibkarlığın maarifləndirilməsi və əsasən də regionlarda kiçik sahibkarlara güzəştli kreditlərin verilməsi əsas hədəf olacaqdır.