Yapon dənizində itkin düşən “Vostok” (Şərq) gəmisinin ekipaj üzvlərinin ailə üzvlərinə kompensasiya veriləcək.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu gəminin sahibi, “DV-flot” şirkətinin baş direktoru Stanislav Malçevski bildirib.Onun sözlərinə görə, heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl təzminat ödəniləcək.
Hələlik gəmi heyəti itkin düşmüş hesab olunur. Yalnız məhkəmə qərarından sonra heyət üzvlərinin həlak olması elan ediləcək.
Qeyd edək ki, yanvarın 25-də Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.