"Azərbaycan iqtisadiyyatı növbəti keyfiyyət mərhələsinə qədəm qoyub "

"Azərbaycan iqtisadiyyatı növbəti keyfiyyət mərhələsinə qədəm qoyub " backend

"Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub”.

Bunu "Sherg.az”a regionların sosial-iqtisadi inkişafı ilə bağlı danışarkən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O vurğulayıb ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev 2004-2017-ci illərdə ölkəmizin soial-iqtisadi inkişafının mühüm göstəricilərinə toxunaraq bu xüsusda regionların sosial-iqtisadi inkişafını xüsusi olaraq önə çəkib:

"Hələ 2003-cü ildə Cənab Prezident qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil, Azərbaycanın bütün regionları inkişaf etməlidir. Doğrudan da, iqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi baxımından regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu gün milli iqtisadiyyatımızın hazırkı mərhələsində inkişaf göstəricilərinin təmin olunması prosesində heç şübhəsiz ki, regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarının da mühüm rolu olub. Regionların inkişafı və regionda sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə iqtisadiyyatımızı rəqabət qabiliyyətli etməklə bərabər, eyni zamanda, iqtisadi proporsionallığı da qoruyan mühüm faktor kimi çıxış edir.

Ötən illər ərzində Cənab Prezident ilk növbədə regionlarda həyata keçirilən sosial layihələri önə çəkməklə Azərbaycanın sosial dövlət kimi öz öhdəçiliklərinə sadiq qaldığını bir daha diqqətə çatdırdı. Biz bilirik ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Azərbaycan dövlətinin sosial siyasətinin ən mühüm prioriteti məhz onların iş və mənzillə təmin olunmasıdır ki, bu kontekstdə son 17 ildə görülən işlər mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər. Cənab Prezident qeyd etdi ki, bu günə qədər 265 min köçkünə ailəsinə yeni evlər verilibdir. 2018-ci ildə yenə 20 min köçkün ailəsi yeni evlərlə təmin ediləcəkdir.

Bu, Azərbaycanın sosial təminatı zəif olan təbəqəyə qarşı münasibətinin göstəricisi olmaqla bərabər, həm də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin daima diqqətində olduğunu göstərir. Cənab Prezident qeyd etdi ki, ötən illər ərzində məşğulluğun təmin olunması ilə bağlı çox böyük işlər görülübdür və ailə biznesinin inkişafı üçün xüsusi layihələr həyata keçirilibdir ki, bu da regionların iqtisadi inkişafa öz töhfəsini verib.

Bu layihələr çərçivəsində "Ailə Biznesinə Asan Dəstək” – "ABAD” layihəsi kimi layihələr və bu layihələr çərçivəsində vətəndaşların şəxsi biznesini qurmaq üçün verilən kreditler, həm məşğulluğun artırılmasına, həm də regionların inkişafına yeni töhfələr verib. Eyni zamanda, bütün regionların enerji ilə təchizatının həyata keçirilməsi, qazlaşdırma işlərinin aparılması, yolların çəkilməsi, kənd arası yolların inşa olunması və regionların iqtisadi xüsusiyyətlərinə görə müvafiq iqtisadi rayonlaşmanın aparılması da ötən illər ərzində görülən ən mühüm tədbirlər sırasındadır”.

Deputat vurğulayıb ki, Azərbaycanda 18 iqtisadi rayon var və hər bir iqtisadi rayonun özünün iqtisadi xüsusiyyətləri var:

"Regional iqtisadiyyat qurulan yerli xüsusiyyətlər nəzərə alınmaqla ixtisaslaşma aparılmış bir növ və şaxələndirilmiş iqtisadiyyat siyasəti həyata keçirilmişdir. Bu da iqtisadi rayonların əmək qüvvələri və istehsal münasibətlərinin mütənasibliyini təmin etməklə regionlardakı inkişafı daha sürətləndirmişdir. Buna paralel olaraq istehsal olunan malların ixracının təmin olunması ilə bağlı xüsusi layihələr həyata keçirilir. Ayrı-ayrı iqtisadi rayonlar və istehsal olunan malların bazara çıxarılması ilə bağlı dövlət tərəfindən tədbirlər görülür.

Əlbəttə, ki, bütün bunlar görülən işlərin hamısı deyil. Belə ki, hazırkı mərhələdə 2017-ci ildə həyata keçirilən qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun açılması yeni kommunikasiya və yeni nəqliyyat körpüsü yaratmaqla, həm də Azərbaycana yeni bazarlar qazandırmaqdadır. Ona görə də bu proses çərçivəsində həyata keçirilən tədbirlər də ölkəmizə həm əlavə yatırımlar cəlb edir, eyni zamanda, ölkə istehsalçılarının mallarını bazara çıxartması üçün onun daşınma xərclərini azaltmaqla rəqabət qabiliyyətliyini artırmış olur.

Cənab Prezident qeyd etdi ki, ötən 14 il ərzində Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar həcmində sərmayə qoyulmuşdur. Bu rəqəm öz-özlüyündə Azərbaycanda necə mühüm və sabit sərmayə mühitinin olduğunu göstərir. Bu proses xarici və daxili investorları Azərbaycanın regionlarına cəlb edən əsas məsələlərdən biridir.

Cənab Prezident qeyd etdi ki, son 14 ildə Azərbaycanda 12 min 300 km yol, 443 körpü tikilib. Bu əlbəttə ki, Azərbaycanın inkişafını daha da sürətləndirməklə onu dayanıqlı və uzunmüddətli edəcəkdir.

Bunların hamısının arxasında Azərbaycan Prezidentinin regionların inkişafı ilə bağlı həyata keçirdiyi xüsusi proqram dayanır. Biz bilirik ki, Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyubdur. Görülən bütün bu işlər əslində Azərbaycanın hazırkı inkişaf mərhələsi üçün səciyyəvidir və bu işlərin davam etdirilməsi heç şübhəsiz ki, 2018-ci il idə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etməklə bərabər, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olacaqdır”.


Diaspora