Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıq davam edir.
Publika.az xəbər verir ki, Ankara əməliyyat öncəsi rus hərbçilərinin bölgədən çəkilməsi üçün Moskva ilə danışıqlar aparır.Son məlumatlara görə, Türkiyə sərhədinə yaxın 3 bölgədəki 61 rus hərbçisi Afrin şəhərinin cənubundakı Minnig hərbi bazasına çəkilib. Ancaq kritik hesab olunan 6 bölgədə 102 rus hərbçisinin hələ də qaldığı bildirilir.
Afrin-Azez-Cerablus xəttində əməliyyata hazırlıqlar sona yaxınlaşır. Türkiyə Silahlı Qüvvələrinə bağlı hərbi bilrliklər 191 kilometr sərhəd boyunca artilleriya batareyaları ilə 7 kritik nöqtədə yerləşdirilib. Digər tərəfdən, 4 fərqli qrupdan ibarət Azad Suriya Ordusu Turkiyə ordusuna dəstək üçün bölgəyə göndərilib. Eyni saatlarda türk hərbçiləri və Azad Suriya Ordusunun döyüşçülərinə Afrindən YPG terrorçularının atəş açdığı bildirilir. Məlumata görə, cavab atəşi ilə YPG-yə bağlı qruplar Afrin xəttində 6 kilometr geri atılıb.
Azez xətti ilə müqayisədə daha çətin hesab olunan İdlib xəttində də Türkiyə ordusunun qurduğu 4-cü nəzarət nöqtəsində hazırlıqlar tamamlanmaq üzrədir. İdlib xəttində iki müxalifət qrupu ilə danışıqların davam etdiyi, qrupların Afrin əməliyyatına dəstək üçün hazır olduqları, ancaq koordinasiya üçün müəyyən şərtlərin yerinə yetirilməsi ilə əməliyyata daxil ediləcəyi bildirilir. Hərbi mənbələrə görə, İdlib xəttindəki hərbi birliklər əməliyyatın ilk iki mərhələsində artilleriya ilə dəstək verəcəklər.
Türkiyə Silahlı qüvvələri üçün ən çətin xətt Hatay-Hassa xətti hesab olunur. Burada 12 nöqtədə giriş üçün sərhəd divarları qaldırılıb. Dünən axşam saatlarında yayılan məlumata görə, xüsusi texnika sərhədi keçərək ərazini təmizləməyə başlayıb.
Hərbi texnika və şəxsi heyətin bir neçə gündür davam edən nəqli dünən də davam etdirilib. Tankların sərhəd xəttini keçmək üçün hazır vəziyyətdə saxlanıldığı bildirilir.