2017-ci ilə müqayisəli yekun: Tənəzzül yoxsa tərəqqi?

2017-ci ilə müqayisəli yekun: Tənəzzül yoxsa tərəqqi? backend

2017-ci il başa çatır.

Ölkəmizin həyatında bir çox əlamətdar hadisələr yadda qalan son bir il də insanların həyat şəraitinə müsbət təsir göstərib. İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Bunu faktların və müqayişələrin dili ilə daha aydın şəkildə ifadə etmək mümkümdür.



Ermənistan əhalisinin sayına, ərazisinə və dövlət büdcəsinə görə Cənubi Qafqaz da ən kicik dövlət olmasına baxmayaraq, regionda qeyri-sabitliyin əsas mənbəyinə çevrilib. Qonşu dövlətlərə qarşı qaldırdığı əsassız ərazi iddiaları ilə yeritdiyi işğalçı siyasətə görə uzun illərdir ki, məsuliyyətdən kənarda qala bilib. Təbii ki, qonşularla dinc şəraitdə yanaşı yaşamaq prinsiplərindən uzaq olması Ermənistanın hazırki terrorcu hakimiyyətində böyük sıxıntılar, eyni zamanda bütün mühüm dövlət sahələrində tənəzzül yaradır. Sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin getdikcə pisləşməsi müşahidə olunan Ermənistanda növbəti il üçün büdcə müzakirələri başlayıb.



Müxalif "Çıxış” və "Çarukyan” fraksiyasından olan deputatlar elə ilk müzakirələr zamanı hökumətin təqdim etdiyi büdcə layihəsini kəskin tənqid ediblər.Ermənistanın maliyyə naziri Vardan Aramyan parlamentdə 2018-ci il üzrə büdcə layihəsinin müzakirəsi zamanı ölkədə yoxsulluq səviyyəsinin ən yüksək göstəricisi ilə seçilən Şirak bölgəsini nümunə göstərərək bildirib ki, hər il dövlət büdcəsindən səhiyyə sahəsinə təxminən 80 milyard dram ayrılsa da, nəticələr sakinləri qane etmir. Daha sonra çıxış edən "Çıxış" blokunun sədri, deputat Nikol Paşinyan bildirib ki, növbəti ildə səhiyyə sahəsinə ayrılan xərclər 5 milyard dram azaldılacaq: "Növbəti ilin dövlət büdcəsində pensiya və minimum əmək haqqı da artırılmayacaq. Hesab edirəm ki, gələn il Ermənistan əhalisinin yaşayış şəraiti bu illə müqayisədə 10 faizdən çox pisləşəcək".



"Çıxış” fraksiyasından olan deputat Lena Nazaryan maliyyə sənədini "postseçki büdcəsi” adlandırıb. Onun sözlərinə görə, ictimaiyyət bilməlidir ki, hakim Respublika Partiyasını təmsil edən hökumət pensiyaları və minimal əmək haqqını artırmaq barədə verdiyi vədi yerinə yetirməyib. Halbuki, baş nazir Karen Karapetyan bildirmişdi ki, gələn il üçün bu artım baş verəcək.



Bundan başqa, 2018-ci ilin yekunu üzrə Ermənistanın dövlət borcu 7 milyard dollara və ya ÜDM-in 60 faizinə çata bilər. "Çarukyan” blokundan olan deputat Naira Zoqrabyan isə büdcə əleyhinə səs verməsi üçün beş səbəb olduğunu göstərib - hökumət əmək haqları və pensiyaları qaldırmır, utancverici inflyasiyanın qarşısını ala bilmir, dövlət sektorunda 5500 iş yerini ixtisar edir, təhsil, elm və səhiyyə xərclərini azaldır. Deputat əlavə edib ki, ölkədə demoqrafik vəziyyət fəlakət həddinə çatıb. "Mən baş nazirin bir bəyanatını şərh etmək istərdim. O bildirib ki, "kim öz dərisində iqtisadi inkişafı hiss edir və kim də hiss etmir - bu çox subyektiv və ölçüsüz faktordur”. Xeyr, baş nazir, bu, ölçülən faktordur. Əgər siz və sizin
komanda heç olmasa adi vətəndaşın bir gün öz üzərində nələri hiss etdiyini görsəydiniz, onda iqtisadi inkişafdan danışmazdınız”,- deyə deputat bildirib.



Parlamentdə təmsil olunan iqtidar deputatları da büdcə layihəsinin tənqid ediblər. Tibbi komissiyanın sədri Akop Akopyan yoxsulluqla bağlı açıqlanan rəsmi açıqlamanı tənqid edib. O da bəlli olub ki, Ermənistan büdcəsindəki kəsiri ödəmək üçün 150 milyard dram məbləğində borc götürəcək. Bunu maliyyə naziri Vardan Aramyan deyib. O bildirib ki, dövlətin daxili və xarici borcları var və xaricdən borc alınacaq. "Çarukyan” blokundan olan deputat Sergey Baqratyan bununla bağlı bildirib ki, "insana demək olmaz ki, 2-3 il pis yaşa, sonra nəsə bir iş görərik. Lakin artıq bu xalq gözləmək və dözmək istəmir. Xalq tunelin sonunda işıq görmür”.



"Çıxış” fraksiyasından olan başqa bir deputat, sabiq baş nazir Aram Sarkisyan isə hakimiyyətin təqdim etdiyi inkişaf rəqəmlərinin cəfəngiyat olduğunu və ölkədə hər hansı iqtisadi inkişafın olmadığını vurğulayıb. Öz növbəsində deputat Mana Tandilyan hökumətin təqdim etdiyi layihəni "antisosial büdcə” kimi qələmə verib. Onun sözlərinə görə, ölkəni yaxın vaxtlarda yoxsulların sayının daha da artacağı gözləyə bilər. "Gələn il nə əmək haqqı, nə də pensiyaların artımı gözlənilmir. Biz hamımız gözəl bilirik ki, 2018-ci ildə inflyasiya yüksələcək. Ölkəmiz Avrasiya İqtisadi İttifaqına üzv olduğundan zəruri ərzaq məhsullarında da qiymət artımı baş verəcək. Mahiyyət etibarilə insanların həyat şəraiti kəskin şəkildə aşağı düşəcək. "Bizim hamımızın bəhs etdiyimiz yoxsulluq həddi - yəni hər üç nəfərdən biri yoxsuldur, daha da artacaq”, - deyə deputat bildirib.



Ermənistan da 2018-ci ildə müdafiə xərclərini 20 faiz artıracaq. Büdcəyə əsasən, Ermənistan gələn il ordusuna 518 milyon dollar ayıracaq. Bu isə 2017-ci ilin müdafiə xərclərindən 80 milyon dollar çoxdur. Qeyd edək ki, bu il Ermənistan ordusu üçün 438 milyon dollar ayırmışdı.

Bu gün Cənubi Qafqazın lider dövləti statusunu daşıyan və bu adı yeni nailiyyətlər hesabına daha da gücləndirən Azərbaycan qarşıdakı dövr ərzində daha böyük uğurlara imza atmağa hazırlaşır. Heç şübhəsiz ki, bunu şərtləndirən başlıca məqam ölkəmizin tam müstəqil siyasət yürütməsi, beynəlxalq şəraitdən asılı olmayaraq dinamik və hərtərəfli inkişafını uğurla təmin edə bilməsidir. Bütün bunların fonunda Azərbaycan davamlı olaraq öz siyasi, sosial-iqtisadi qüdrətini artırır, dünyadakı mövqelərini durmadan möhkəmləndirir. Gələn il ərzində qeyd edilən istiqamətdə Azərbaycanın yeni nailiyyətlərin müəllifinə çevriləcəyinə də heç bir şübhə yoxdur.



Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar. Xatırlatmaq yerinə düşərdi ki, ölkəmizdə 2018-ci ilin dövlət büdcəsinin xərcləri 21 milyard 47 milyon manat təşkil edəcək. Bununla əlaqədar 2018-ci ilin dövlət
büdcəsinin kəsiri ilkin proqnoza nisbətən müvafiq olaraq 141,3 milyon manat artırılaraq 920 milyon manata çatdırılıb. Bu da cari illə müqayisədə 255 milyon manat və yaxud 21,7 faiz azdır. Bu zaman büdcə kəsiri ümumi daxili məhsulun 1,3 faizinə bərabər olmaqla cari illə müqayisədə 0,4 faiz azalacaq. Onu da qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat və ya 11,842 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır. Bu da ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2,621 milyard manat və ya 15 faiz çoxdur. İcmal büdcənin gəlirləri ilkin proqnoza nisbətən 883milyon manat və ya cari illə müqayisədə 1 milyard 29 milyon manat çox, xərcləri isə, ilkin proqnoza nisbətən, 1 milyard 737 milyon manat və ya cari illə müqayisədə 5 milyard 633 milyon manat az proqnozlaşdırılır. İcmal büdcənin kəsiri 831 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da cari il üçün təsdiq olunmuş büdcə kəsiri ilə müqayisədə 6 milyard 761 milyon manat və ya 89 faiz azdır.

Cənubi Qafqaz ölkələrinin büdcələrində maraq doğuran məqamlardan biri də hərbi xərclərlə bağlıdır. Ölkəmizdə 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2,739 milyard manatın və ya 1,611 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində müdafiə sisteminə 1,615 milyard manat ayrılmışdı. Ötən illə müqayisədə bu il müdafiə xərcləri 1,123 milyard manat artırılıb. Qonşu Gürcüstanın hərbi xərcləri gələn il üçün cəmi 300 milyon dollar təşkil edəcək. Cari il ərzində isə bu göstərici 277 milyon dollar olub. Bu isə Azərbaycanla müqayisədə təxminən 5,5 dəfə azdır. Bütün hallarda, aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri 80 milyon dollar artırsa da, Azərbaycanla eyni səviyyədə olmaq gücündə deyil. Ən azından ona görə ki, Azərbaycanın müdafiə məqsədli xərcləri Ermənistanla müqayisədə təxminən 3 dəfədən artıq olacaq.


Hazırladı: Əntiqə Rəşid

Diaspora