Yeni ilə artıq 2 gün qalıb. Bu gündən 5 günlük bayram istirahəti başlayır.
Axar.az xəbər verir ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-dan yanvarın 3-nə qədər iş olmayacaq. Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.
Bayramı yüksək səviyyədə qeyd etmək üçün Kənd Təsərrüfatı Nazirliyi də Bakı və Sumqayıt şəhərlərində yaşayan əhali üçün yarmarkalar təşkil edib. Dünəndən start götürən yarmarkalar iki böyük şəhərin əvvəlcədən müəyyən edilmiş ünvanlarında dekabr ayının son gününə qədər fəaliyyət göstərərcək.
Belə ki, Bakı şəhəri üzrə Xətai rayonunda Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığında, Nərimanov rayonunda Keşlə bazarında, Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxasında, Suraxanı rayonunda Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanında, Binəqədi rayonunda isə Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığında yarmarkalar təşkil edilib.
Sumqayıt şəhəri üzrə isə iki yerdə - 12-ci mikrorayon və köhnə avtovağzalın yanında kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcək.
Bayram günlərində balacaların əyləncəsi də düşünülüb. Belə ki, dövlət teatrları uşaqlar üçün bayram proqramları hazırlayıblar.
Bakı Dövlət Sirki bayram günləri “Ekstremal qış” adlı Yeni il sirk şousu hazırlayıb. Şou dekabrın 29-dan yanvarın 7-nə kimi davam edəcək. Şouda əhliləşmiş heyvanlarla gözəl şou olacaq, fokus ustaları, illuzionistlər, hava gimnastları və klounlar çıxış edəcək. Biletlər hər gün saat 10:00-dan 20:00-a kimi sirkin kassalarında satılır. Biletlərin qiyməti isə 10-20 manat arasında dəyişir.
Akademik Milli Dram Teatrında isə Yeni il şənlikləri artıq dekabrın 23-dən başlayıb. Bu münasibətlə "Rəqs edən pinqvinlər" adlı səhnə əsəri hazırlanıb. Şənliklər yanvarın 7-dək hər gün dörd seansda - 11:00, 13:00, 15:00 və 17:00-da – keçiriləcək. Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.
Heydər Əliyev Sarayı da Yeni il bayramında uşaqlar üçün xüsusi proqram hazırlayıb. 29 və 30 dekabr tarixlərində sarayın səhnəsində uşaqlar üçün "Fiksi-şou: Zamanın xilaskarları" adlı tamaşa nümayiş olunacaq. Yeni il tamaşası - "Fiksiki" cizgi filminin motivləri əsasında hazırlanmış lisenziyalı tamaşadır. Seanslar 29 dekabr - 12:00, 15:00-da və 30 dekabr - 12:00-da olacaq.
Yeri gəlmişkən, Yeni ilin ilk saniyələrini daha əyləncəli keçirmək istəyənlər üçün Bakı şəhər İcra Hakimiyyəti 31 dekabr saat 24:00-da Milli Parkda atəşfəşanlığı keçirəcək.
Bayramınız mübarək!