Azərbaycanda bağlanması gözlənilən 4 bank

Azərbaycanda bağlanması gözlənilən 4 bank backend

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. 1992-ci ildən fəaliyyət göstərən bankın bağlanması bank sektorundakı vəziyyəti yenidən gündəmə gətirib.

Maraq üçün qeyd edək ki, bu devalvasiyadan sonra bağlanan 11-ci bank olub. 2015-ci ildə "Azərbaycan Kredit Bankı” və "Bank of Azerbaijan” ASC, bir il sonra "Qafqaz İnkişaf Bankı" ASC, "Atrabank" ASC, "Texnikabank” ASC, "Bank Standard", "Dekabank” ASC, "Kredobank" ASC, "Parabank” ASC və "Zaminbank” ASC bağlanıb.

Millət vəkilləri və iqtisadçılar uzun müddətdir ki, bank sektorunda vəziyyətin günü-gündən pisləşdiyini, bəzi bankların iflasa uğramaq üzrə olduğunu bildirir, sektorun sağlamlaşdırılması üçün təcili addımların atılmasını vurğulayırlar. Bu günə qədər hökumət bu yöndə bəzi addımlar atsa da, düzgün və şəffaf aparılmayan bank siyasəti lazımı nəticələrin əldə olunmasına mane olur. Bu isə daha bir neçə bankın "DəmirBank"ın aqibətini yaşayacağını deməyə əsas verib.

Bəs hansı bankların bağlanmaq ehtimalı var?

Bununla bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bağlanma ehtimalı yüksək olan bankların adlarını açıqlayıb:

"Maliyyə Bazarlarına Nəzarət Palatasının və yaxud Mərkəzi Bankın hansı yöndə qərar verəcəyini söyləmək çətindir. Amma zaman-zaman nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycan bank sektoru ilə bağlı hesabatları dərc olunur. Bu hesabatlardan çıxış edərək müəyyən fikirlər yürütmək mümkündür. Son açıqlanan hesabatlarda "Bank of Baku"nun, "AG Bank"ın, "Bank Respublika"nın və "Unibank"ın adları keçir və qeyd olunur ki, bu bankların kifayət qədər problemləri var, problemli kreditlərin həcmi yüksəkdir və kreditləşməyə yenidən başlaya bilmirlər.

Bu səbəbdən də "Moody's", "S&T" və "Fitch" kimi nüfuzlu reytinq və analiz şirkətləri onların reytinqlərini aşağı salırlar. Çox maraqlı bir detal da var ki, bu analiz şirkətləri gələcək proqnozları da neqativ dəyərləndiriblər, yəni ehtimal olunur ki, vəziyyət getdikcə daha da pisləşə bilər. Təəssüf ki, Azərbaycan rəsmiləri, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı heç bir açıqlama vermədi. Əslində belə bir nüfuzlu agentliklərin məlumatı çıxarkən ya vətəndaşları sakitləşdirmək, ya da həqiqəti söyləmək üçün mütləq daxildə də reaksiya olmalı idi. Təəssüf ki, biz bunu görmədik. Məhz bundan çıxış edərək söyləmək mümkündür ki, heç bir reaksiya yoxdursa və ya bu, Azərbaycanın rəsmi orqanları tərəfindən təkzib olunmayıbsa, sadaladığım banklarda gələcəkdə problemlərin olması ehtimalı çox yüksəkdir. Ümumiyyətlə bank sektorunda bütün banklar belə psixoloji və maliyyə basqısı altındadırlar. Əsas problem kreditlərin yığıla bilməməsi və bankların növbəti yeni kredit xətlərinin açılmasında yaranmış çətinliklərdir. Banklar da əgər verdiyi krediti toplaya bilmirsə və ya yeni kredit xətləri aça bilmirsə, deməli qazanc əldə edə bilmir, qazanc əldə edə bilmirlərsə də maliyyə vəziyyətləri getdikcə pisləşir".



Ekspert çətin vəziyyətlərdə bankların bağlanmasındansa birləşmələrinin daha məntiqli və rasional yol olduğunu qeyd etsə də, indiki vəziyyətdə dövlət dəstəyi olmadan bank sektorunu xilas etməyin mümkün olmayacağını vurğulayıb:

"Aktivlərin birləşdirilməsi yolu ilə müəyyən çıxış yollarının axtarılıb tapılması daha məntiqli və daha rasional yanaşma olardı, amma təbii ki, bankların vəziyyəti o səviyyədədir ki, passivləri də birləşərkən bu, idarəolunmaz bir hal da ala bilər. Yəni, 2 ortasəviyyəli bankın birləşməsi həm problemli kreditlərin birləşməsinə, həm də problemli kreditlərin geri dönüşündə yaranmış çətinliklərin artmasına səbəb ola bilər. Bu barədə dəfələrlə qeyd etmişik və sizin vasitənizlə bir daha söyləmək istəyirəm ki, bunun yeganə çıxış yolu hər hansısa bir dövlət proqramının qəbul olunmasıdır. Yəni, bank sektorunu artıq dövlətin dəstəyi olmadan xilas etmək mümkün olmayacaq. Amma çox qəribədir ki, dövlət Beynəlxalq Banka həm daxili borcların silinməsində, həm xarici öhdəliklərin öz üzərinə götürülməsi yönündə addımlar ataraq, kifayət qədər dəstək oldu, amma daxildəki yaranmış problemlərlə bağlı bir yol xəritəsi hazırlamadı. Bu da bank sektorunun artıq 2 ildən çoxdur ki, silkələndiyini və çox ciddi problemlərlə qarşı-qarşıya qaldığını göstərir. İstənilən hallarda, yəni banklar bağlansalar da, birləşsələr də yerdə qalan banklara da mütləq dövlət dəstəyi proqramı olmalıdır ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Əslinlə sağlamlaşdırma adı altında yaxşı olardı ki, banklar öz problemlərini öz aralarında həll etsinlər, amma indiki şəraitdə, iqtisadi aktivliyin azaldığı, problemli kreditlərin artdığı bir dövrdə bankların heç biri öz gücünə bu vəziyyətdən çıxa bilməyəcək. Çünki ölkənin ən güclü bankı Beynəlxalq Bank sayılırdı və məlum oldu ki, öz gücünə nəyinki problemləri həll edə bilmir, əksinə getdikcə problemləri dərinləşir. Bu səbəbdən də məcburən dövlət problemləri öz üzərinə götürməklə bağlı qərarlar verdi. Əvvəl-axır bank sektoru ilə də bağlı belə qərarların alınması labüd olacaq".
Diaspora