“Eldar Mahmudovun həbs qərarı yuxarı dairələrdə veriləcək”

“Eldar Mahmudovun həbs qərarı yuxarı dairələrdə veriləcək” backend

Ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ətrafında istintaq hərəkətləri intensivləşib.

Sabiq nazir artıq 4 dəfə dindirilib. Sonuncu dindirilmə dekabrın 16-da da Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində baş tutub. Onun həm əmisi oğlu, həm də keçmiş köməkçisi Vüqar Mahmudov epizodu üzrə dindirildiyi, eləcə də oğlu Anar Mahmudovun ölkədən çıxartdığı 1 miyard dollarla bağlı sorğu-sual edildiyi bildirilir.

Polkovnik-leytenant Vüqar Mahmudov bu ilin noyabrında həbsə alınıb. O, nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan olunub. Barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Hətta sabiq nazirin V.Mahmudovla üzləşdirildiyi iddia olunur. Bütün bunlar isə həlqənin daraldığından, məngənənin getdikcə sıxıldığından xəbər verir.

Tanınmış vəkil Cavad Cavadov Modern.az-a deyib ki, Eldar Mahmudovun dindirilmək üçün istintaqa çağırılması, hətta bu çağırışların intensivləşməsi sabiq nazirin əleyhinə işləyir:


“Bütün bunlar müəyyən proseslərdən xəbər verir. Son olaraq, bu dindirilmələr onun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsilə nəticələnə bilər. Amma Azərbaycan reallığını qəbul etməliyik. Məlumdur ki, Eldar Mahmudovun həbsi ilə bağlı qərar yuxarı dairələrdə veriləcək. Sabiq nazirlə bağlı qərar siyasi olacaq, hüquqi qərar olmayacaq. Çünki hüquqi qərar olsaydı, Eldar Mahmudov indiyədək həbs olunmalı idi. Mən inanıram ki, istintaqda onun əleyhinə a kifayət qədər sübut əldə olunub. Təbii ki, çağırışların intensivləşməsi ciddi indikatordur. Ola bilər ki, Eldar Mahmudovun təqsirləndirilən şəxs qismində cəlb olunmasının şahidi olacağıq”.

Xatırladaq ki, 2017-ci il iyulun 10-da Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərova hökm oxunub. Məhkəmənin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Hökmə əsasən, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməyib. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Bu səbəbdən rüşvət alma ilə bağlı iddia mülki qaydada həll oluna bilər.


Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

C.Cavadov bu barədə danışarkən deyib ki, xüsusi qərardadın olması, cinayət işinin şərtsiz başlanılmasına səbəb deyil:

“Sadəcə olaraq, məsələlərin araşdırılması və hüquqi qiymət verməsini məcbur edən bir sənəddir. Yəni istintaq orqanı məcburi surətdə qərar qəbul edib məhkəməyə məlumat verməlidir. Bu, istintaq orqanının vəzifəsidir”.(moderm.az)



Diaspora