Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Rusiyada azadlıqdan 17 il məhrum edilmiş azərbaycanlı Orxan Zeynalovla bağlı müraciətə cavab versə də, hər hansı iş görülmür.
Bu barədə Modern.az-a O.Zeynalovun atası Zahid Zeynalov bildirib.Onun sözlərinə görə, nazirlik Orxan Zeynalovla bağlı müraciətə müsbət cavab verib:
“Mən oğlumun Azərbaycana ekstradisiyası üçün nazirliyə müraciət etmişdim. Məktubuma rəsmi cavab gəlib. Məktubda “Orxan Zeynalov diqqətimizdədir və müraciətə yaxın vaxtlarda baxılacaq” yazılmışdı. Amma onun ölkəmizə gətirilməsi üçün nəsə iş görldüyünə əmin deyiləm”.
Atası O.Zeynalovun saxlanma şəraitində hər hansı narazılıq olmadığını vurğulayıb:
“Rusiyadakı qohumlar mütəmadi baş çəkilər Orxana. Yaxşıdır, səhhəti də normaldır. Amma könül istər ki, oğlum ölkəmizə gətirilsin. Amma belə baxıram ki, alınan iş deyil. “Səbrli ol” deyirlər, amma iş görən yoxdur”.
Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.