Beynəlxalq silah satışında son 5 ildə müşahidə olunan azalma tempinin əksinə olaraq 2016-cı ildə ilk dəfə artım qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat Stokholm Dünya Problemlərinin Tədqiqatı İnstitutu tərəfindən hazırlanan dünyanın ən böyük hərbi-sənaye şirkətlərinin illik reytinqində əksini tapıb.2016-cı ildə 374,8 milyard dollarlıq silah satışa çıxarılıb. Bu isə öz növbəsində 2015-ci ildəkindən 1.9 faiz çox olub. 2016-cı ildə ABŞ-dan olan şirkətlər ümumi silah satışında payını 4 faiz artırıb. Qərbi Avropa ölkələrindən olan istehsalçılar 2015-ci ilə nisbətlə ümumi satışlarını 0.2 faiz yüksəldib. 2016-cı ildə Rusiya şirkətlərinin ümumi satış həcminin artımı 3.8 faiz təşkil etsə də, ekspertlər ümumi artım templərinin yavaşladığını bildiriblər.
Reytinqdə ilk üç pillədə Amerika şirkətləri qərarlaşıb – ilk sırada “Konsern Lokid Martin”, ikinci – “Boinq”, üçüncü – “Rayteon”. Rusiyanın "Birləşmiş Aviasiya Korporasiyası" şirkəti 2015-ci ildə reytinqdə 17-ci yerdən 13-cü yerə yüksəlib. "Birləşmiş Gəmiqayırma korporasiyası” 19-cu yerdə (2015-ci ildə 15-ci), “Almaz-Antey” 24-cü (2015-ci ildə 26-cı), "Rus Helikopterləri" 29-cu yerdə (2015-ci ildə 24-cü) özünə yer edib.