“Səhiyyə sisteminə çox az vəsait ayrılır, bunun həcmi artırılmalıdır. Regionlarda müasir infrastruktura malik tibb müəssisələri tikilir, amma həkimlərin əməkhaqqı az olduğundan onlar kifayət qədər effektiv işləyə bilmir”, - 2018-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirələri zamanı akademik, parlamentin səhiyyə üzrə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
Bununla bərabər, tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, tibb müəssisələrinin effektivliyini təmin etmək üçün yalnız həkimlərin və tibb işçilərinin maaşlarının qaldırılması kifayət deyil.“Ölkəmizdə nəhayət icbari tibbi sığorta tətbiq edilməlidir. Dövlət başçısı bununla bağlı fərmanı hələ 1999-cu ilin fevral ayında imzalayıb, lakin sığorta faktiki olaraq hələ də tətbiq edilməyib”, - virtualaz.org-un əməkdaşı ilə söhbətində alim deyib.
Professorun hesablamalarına görə, əhaliyə tam həcmdə tibbi xidmətin göstərilməsini və tibb işçilərinə daha yüksək məvacibləri təmin edəcək icbari tibbi sığortanın fəaliyyətə başlaması üçün dövlət ilkin mərhələdə heç olmasa 4 milyard manat vəsait ayırmalıdır.
Alim öz fikrini onunla əsaslandırır ki, Azərbaycanda əhalinin böyük hissəsi – təqaüdçülər, əlillər, uşaqlar dövlətin himayəsindədir. “Yerdə qalan hissə də güclə dolanır. Buna görə də, hesab edirəm ki, aztəminatlı təbəqəninm icbari tibbi sığortası dövlətin hesabına həyata keçirilməlidir”, - professor qeyd edib.
“Həkimlərin maaşı doğrudan da çox aşağıdır. Bu gün o, 150-200 manat təşkil edir. Bu məsələni büdcə müzakirə edilərkən Milli Məclisin beş komitəsinin birgə iclasında qaldırmışdım. Şadam ki, Əhliman Əmiraslanov kimi tibbi dairələrdə bu cür hörmətli və nüfuzlu insan hökumətin diqqətini bu problemə cəlb edib”, - deputat Elmira Axundova deyib.
O da hesab edir ki, vəziyyətdəmn çıxış yolu icbari tibbi sığortanın tətbiqidir: “Bizimlə qonşu olan ölkələrdə - Gürcüstanda, Rusiyada, Türkiyədə bu sistem çoxdan fəaliyyət göstərir. Bizdə isə həmin proses çox ləng gedir”.
Lakin Elmira Axundova professor Qeybullanın tibbi sığortanın tətbiqinə maaşların az olmasının mane olması barədə fikirləri ilə razılaşmır: “Ölkəmizdə maaşlar normaldır. Dövlət qulluqçularının bəzi kateqoriyaları kifayət qədər yüksək məvacib alır. Buna görə də, kiçik maaşlar icbari tibbi sığortanın tətbiqinə ngəl törədə bilməz”.
Virtualaz.org