"Ünvanlı sosial yardımların verilməsində heç bir ciddi məhdudiyyət yoxdur".
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.Onun sözlərinə görə, ünvanlı sosial yardımların verilməsilə bağlı şikayətlər yoxdur: “Ünvanlı sosial yardımların verilməsində heç bir ciddi məhdudiyyət yoxdur, mövcud qanunvericilik var və bu çərçivədə müraciət edən istənilən şəxsə elektron sistem baxır. Həmin elektron sistem daxil olunmuş bəyannamədə göstərilmiş informasiyaları digər orqanlarla müqayisə edir və əgər bu məlumatlar uyğun gəlirsə və ailənin gəlirlərinin məbləği həmin ailənin üzvlərinin ehtiyac məcmusundan azdırsa, onda sistem avtomatlaşdırılmış şəkildə həmin ailə üçün ünvanlı sosial yardımı təyin edir və dərhal müvaqif banka plastik kartını da sifarış edir. Əks təqdirdə, təqdim olunmuş elektron bəyannamədə sistem hansısa uyğunsuzluq tapırsa, əgər ailə hansısa gəlirini orda gizlədibsə, ailə üzvünü göstərməyibsə və ya avtomobilini qeyd etməyibsə, torpaq səhəsi və ya telefonunu gizədibsə (belə hallar çox olur), onda sistem dərhal həmin ailəyə imtina cavabı verir və onun səbəbini də göstərir".
S.Müslümov bildirib ki, elektron sistemdə insan amilinin heç bir rolu yoxdur: "Əgər hər hansı bir ailə bu gün çıxıb deyirsə ki, haqsız olaraq imtina cavabı alıb, mən onu dərhal yerində araşdırmağa hazıram. Burada hansısa insan amilindən söhbət gedə bilməz. Ona görə də biz bir daha insanlarımıza səslənirik ki, hər kəs düzgün, doğru şəkildə məlumatlarını sistemə daxil etsinlər. Hazırda ölkə əhalisindən 92 400 ailənin 44 000 nəfəri ünvanlı sosial yardım alır. Burada yanlış heç bir şey ola bilməz. Bu insanların yazdıqları doğru məlumatlar əsasında sistem seçim aparıb”.