Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir” backend

“Rusiya və Qazaxıstan kimi ölkələrdə strateji məhsullar ölkə rəhbrəliyinin nəzarətində olur. Həmin məhsulların qiymətinin son həddini ölkə prezidenti təyin edir. Bununlada aztəminatlı vətəndaşların maddi rifahı qorunur. Təəssüflər olsun ki, bizdə belə deyil”.

Modern.az-ın məlumatına görə, bunu deputat Yevda Abramov parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq və tuta da bilmərik.

“Bu gün büdcə halaldır və əladır. Amma büdcəyə münasibət dəyişməlidir. Dünən Ziyad Səmədzadə çıxışı zamanı “sosial yönümlü bazar” və “sosial yönümlü büdcə” sözlərini işlətdi. Amma bunların heç biri biri-biri ilə uzlaşmır".

Deputat bildirib ki, dünya bazarında neftin qiymətinin artıb-azalması Azərbaycanda qiymətlərə təsir etmir.

“Təəssüflər olsun ki, neftin qiyməti aşağı səviyyədə olanda qiymətlər artır, amma neftin qiyməti artanda qiymətlər enmir. Neftin qiyməti 62 dollar olanda da qiymətlər həmin səviyyədə qalmışdı. Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”.

Y.Abramov Qubada olan qaz problemlərindən də danışıb.

“Qubada hər problem həll olunsa da, qaz problemi nədənsə həll olunmur. Nədir bu qaz problemi? Mən iş adamlarının köməkliyi ilə bu problemin aradan qaldırılması üçün 20 min dollardan çox vəsait sərf etmişəm. Amma düzəlmir ki, düzəlmir. Bunun əsl səbəbini isə heç kim anlamır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə Y.Abramova cavab olaraq deyib ki, Konstitusiyanın 15-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir:

“Həmin maddənin ikinci hissəsində bildirilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür”.
Diaspora