Azərbaycana borcu olan ölkələr

Azərbaycana borcu olan ölkələr backend

Azərbaycanın xarici dövlət borcu barədə məlumatlar müntəzəm olaraq Maliyyə Nazirlıyi tərəfindən açıqlanır.

Nazirliyin son məlumatına görə, cari ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 172,6 milyon ABŞ dolları (12 milyard 208,5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 18,9 faiz təşkil edib.

Qaziler.az musavat.com-a istinadən xəbər verir ki, bu, bizim borcumuz – yəni verəcəyimiz məbləğdir. Bəs bizə borcu olanlar varmı? Varsa, kimlər və nə qədər bizdən borc alıb? Suallara cavab tapmaq üçün Maliyyə Nazirliyinin saytına baş vurduq, lakin axtardığımız məlumatı tapa bilmədik. Buna görə də qurumun mətbuat xidmətinə sorğu göndərdik, amma 2 gün ərzində cavab almaq mümkün olmadı.

Buna görə də yalnız ölkə və xarici mətbuatda gedən məlumatlara əsasən indiyədək Azərbaycandan Belarus, Gürcüstan, İran, Monteneqro, Serbiya kimi ölkələrin borc aldığını söyləmək olar. Bunlardan 2010-cu ildə Belarusa verilən 200 milyon dolların cəmi 12 təqvim günü müddətinə verildiyi deyilirdi. Onun qaytarılıb-qaytarılmaması barədə rəsmi məlumat açıqlanmayıb.

2011-ci ildı isə Azərbaycan Maliyyə Nazirliyi Belarusun “Belaruskaliy” ASC-sinə 300 milyon dollar kredit ayırıb. Bu kreditə görə Belarus dölətindən zəmanət alınıb. Kreditin şərtləri açıqlanmayıb.

2012-ci ildə isə Azərbaycan Serbiyaya yol tikintisi üçün 300 milyon avro kredit verib. Kredit illik 4 faizlə, 15 illiyə ayrılıb. 2016-cı ilədək kredit faizləri olaraq Azərbaycanın 40 milyon avro gəlir götürdüyü bildirilir. Həmin il isə kredit vəsaitlərindən istifadə müddəti 2 il də artırılıb.

Bundan başqa, 2016-cı ildə Azərbaycan Monteneqro hökumətinə də kredit verib. Vəsaitin Veriqe boğazı üzərindən körpünün tikintisinə sərf olunacağı nəzərdə tutulurdu. Kreditin məbləği 175 milyon avro, müddəti isə 15 il təşkil edir.
Azərbaycandan Venesuela da borc istəyib. 2016-cı ildə bu ölkənin prezidenti Maduro gözlənilmədən Azərbaycana səfər etmişdi. O zaman məlum oldu ki, səfərdə məqsəd Azərbaycandan 500 milyon dollar borc almaq imiş. Lakin Azərbaycanın dərin iqtisadi tənəzzüldə olan, 120 milyard dollar borcun altında inləyən bu ölkəyə kredit verib-vermədiyi açıqlanmır.

Maraqlıdır ki, Hesablama Palatasının dediyinə görə, əvvəlki illərdən fərqli olaraq Azərbaycanın 2018-ci il dövlət büdcəsində xarici dövlətlərə kreditlərin verilməsi ilə bağlı vəsait proqnozlaşdırılmayıb. Bu səbəbdən də növbəti ilin büdcə layihəsində ilk dəfə olaraq iqtisadi təsnifat üzrə maliyyə aktivləri üzrə əməliyyatların maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayıb.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, xaricə verilən borclarla bağlı bir mənbə dövlət büdcəsidir: “Xarici dövlətlərə verilmiş borclarla bağlı məlumatlar dövlət büdcəsində ”Digər gəlirlər” bölməsində “Xarici hökumətdən alınan faizlər” altbölməsində açıqlanır. 2017-ci ildə bu altbölmə üzrə dövlət büdcəsinə 50 milyon 815 min manat vəsaitin daxil olacağı proqnozlaşdırılıb. Növbəti il üçünsə bu mənbədən 68 milyon 529 min manat daxilolma nəzərdə tutulur. Bu isə o deməkdir ki, xarici dövlətlərə verilən borclardan gəlirlərimiz artır. Lakin təəssüflər olsun ki, Maliyyə Nazirliyi xarici borclarla bağlı açıqlamalarında yalnız Azərbaycanın xarici dövlət borcu barəsində ümumi rəqəmləri ictimailəşdirir. Azərbaycanın hansı dövlətlərə və nə qədər borc verməsinə dair statistika isə əlçatan deyil. Güman edirəm ki, növbəti ilin büdcəsində də bu altbölmə üzrə gəlirlər nəzərdə tutulur. Bu məlumatlar büdcə barədə açıqlanan ümumi məlumatlara daxil edilmir. Güman edirəm ki, Milli Məclis üzvlərinin əksəriyyəti də bu məlumatları görmür, çünki büdcə ilə bağlı izahatlarda bu məsələyə ümumiyyətlə, toxunulmur.”

Ekspertin sözlərinə görə, borclarla bağlı məlumatlar əlçatan olmadığına görə də onları səmərəlilik baxımından qiymətləndirmək mümkün deyil: “Hansı ölkələrə borc verildiyinə dair ancaq mətbuatdan məlumat almaq olur. Yalnız Gürcüstana verilən kreditlər barədə bir qədər ətraflı məlumata rast gəlmək olur. Məndə olan məlumata görə, Azərbaycan bir sıra Balkan ölkələrinə də borc verib. Monteneqro, Serbiya, eyni zamanda Belarus və İran da Azərbaycandan kredit alan ölkələrdir. İrana kreditlərin dəmiryol tikintisi üçün və 500 milyon dollar həcmində ayrıldığı deyilir, lakin şərtlər və müddət açıqlanmır. Yenə də təəssüflər olsun ki, nə xaricə verilən kreditlərin ümumi və ya ölkələr üzrə məbləği, nə də şərtləri açıqlanmır deyə onların səmərəliliyini qiymətləndirmək mümkün deyil. Hesab edirəm ki, ölkənin təbii sərvətlərindən əldə edilən gəlirlərdən verilən borclar, eyni zamanda dövlət büdcəsinin gəlirləri ilə bağlı şəffaflıq artırılmaldır. Yalnız bu halda həmin gəlirlərin şəffaf və hesabatlı xərclənməsinə nail olmaq mümkündür.”
Diaspora