Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən dəmiryolu körpüsü uçulub dağılır.
Üzərindən qatar relsləri keçən körpünün bəzi hissələrində çatlar əmələ gəlib. Körpünün altından avtomobil və piyadaların keçdiyi yola tez-tez qum və daş parçaları tökülür.Bunu virtualaz.org-a həmin ərazidə yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, artıq illərdir ki, körpü təmir olunmur: “Bu körpü 60 ilə yaxındır ki, tikilib. O vaxt necə tikilib istifadəyə verilibsə, həmin vaxtdan təmir üzü görməyib. Aşağıdan keçib getməyə qorxuruq, daş qırıntıları, qum başımıza tökülür”, - deyə Binəqədi sakini Abuzər Veysəlov deyir.
Sakinlərin sözlərinə görə, körpüdən Bakının bütün yük və sərnişin qatarları keçir. Strateji obyekt olsa da, vaxtlı-vaxtında təmir edilmir: “Bütün qatarlar - həm yük, həm də sərnişin qatarları buradan keçir. Təzə açılan Bakı-Sumqayıt sürət qatarının da yolu buradandır. Amma təmir edən yoxdur, bir gün başımıza uçacaq”, - deyə şikayətçilər bildirir.
Xatırladaq ki, dəmiryol körpüsü 1961-ci ildə tikilərək istifadəyə verilib.


