Şahin Mustafayev tacikistanlı həmkarı ilə görüşüb

Şahin Mustafayev tacikistanlı həmkarı ilə görüşüb backend

Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Ş.Mustafayev tacikistanlı həmkarını nazir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan və Tacikistan arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdirildiyini bildirib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb. Azərbaycan iqtisadiyyatı, qazanılan uğurlar barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan və Tacikistan arasında ticarət, səhiyyə, təhsil, tranzit yükdaşımaları və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var.

Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin ədalətli mövqeyini bir daha vurğulayıb.

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri N.Xikmatullozoda Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, böyük energetika və tranzit imkanlarına malik olduğunu vurğulayıb. Qeyd olunub ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısına Azərbaycan uğurla ev sahibliyi edir. Ölkələrimiz arasında sənaye, ticarət, hava nəqliyyatı, humanitar, təhsil, kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarını qeyd edən N.Xikmatullozoda Azərbaycan nümayəndə heyətini iyun ayında Tacikistanda keçiriləcək Su məsələlərinə dair Konfransa dəvət edib.
Diaspora