DİN İran vətəndaşının qətli ilə bağlı rəsmi məlumat yaydı

DİN İran vətəndaşının qətli ilə bağlı rəsmi məlumat yaydı backend

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində son bir neçə ayda şəxsiyyət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Daxil olan məlumat əsasında şəhər prokurorluğu və Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar. Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər. Qeyd edək ki, həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğunda usta işləyən Y.Camallı digər dəstə üzvlərinə təklif edib.

Dəstə üzvləri qeyd edilən cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək onların hər birini yaşadıqları ünvanlara aparıb.

Saxlanılan şəxslərin ətraflarında Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların cari ilin avqustun 14-də Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində P. Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqsədlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək qohumunun evinin yerini onlara göstərib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində R. Seydiyeva da saxlanılaraq istintaqa təqdim olunub.

Hazırda qeyd olunan cinayət işləri üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, öldürülən Mohtati Saman Nemat oğlu Azərbaycan Tibb Universitetinin tələbəsi olub.
Diaspora