Azərbaycanın pensiya təminatı sisteminin inkişafı yönündəki islahatlar beynəlxalq konfransda

Azərbaycanın pensiya təminatı sisteminin inkişafı yönündəki islahatlar  beynəlxalq konfransda backend

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “Pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Qaziler.az bildirir ki, tədbirdə Fondun direktoru Zakir Babayev Azərbaycanın pensiya təminatı sisteminin inkişafı yönündə aparılan islahatlarla bağlı “Azərbaycanın pensiya təminatı sisteminin inkişafında maliyyə mexanizmləri” adlı təqdimatla çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, 2006-cı ildən ölkəmizdə beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modelinin - sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizmin formalaşdırıldığı diqqətə çatdırılıb. Eyni zamanda, ölkəmizin pensiya təminatı sisteminin inkişafı yönündə aparılan növbəti islahatlar, pensiya qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumat verilib. Bu islahatların pensiya təminatı sisteminin sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi prinsipləri əsasında daha da təkmilləşməsinə, bu sistemin uzunmüddətli inkişafına imkan yaratdığı vurğulanıb.
Azərbaycanda pensiya təminatı sistemində həyata keçirilən islahatlara dair məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təqdimat zamanı iştirakçıların sualları da ətraflı şəkildə cavablandırılıb.
Nümayəndə heyəti Astanada “Sosial ayırmalar-məşğul əhaliyə adekvat sosial ödəmələrin təminatıdır” mövzusunda keçirilən respublika seminarında da iştirak edib və həmin tədbir çərçivəsində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi Hans-Horst Konkolevski və Malaziyanın Sosial Sığorta Təşkilatının idarə heyətinin sədri, BSTA-nın təşkilatlanma, idarəetmə və innovasiyalar üzrə Texniki Komissiyasının sədri doktor Məhəmməd Azman bin Əziz Məhəmmədlə görüşüb. Görüşdə Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən növbəti islahatlara dair fikir mübadiləsi aparılıb, bu islahatların BSTA tərəfindən də yüksək dəyərləndirildiyi qeyd olunub.
“Qazaxstanda reallaşdırılan ən yaxşı sosial layihələr” adlı beşinci yubiley sərgisində iştirak edən nümayəndə heyəti həmin tədbir çərçivəsində Qazaxstanın əmək və əhalinin sosial müdafiəsi naziri xanım Tamara Duysenova ilə görüşüb. Səfər çərçivəsində bu ölkənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Svetlana Jakupova, Qazaxıstan parlamentinin Sosial mədəni inkişaf komitəsinin üzvü Aygül Nurkina, Qazaxıstanın “Vahid Yığım Pensiya Fondu” SC-nin idarə heyətinin sədri Nurbibi Naurızbayova və b. ilə də görüşlər keçirilib, müvafiq sahələrdə aparılan islahatlara dair qarşılıqlı məlumatlar verilib, islahatların nəticələri ilə bağlı təcrübə mübadilələrinin aparılmasının önəmi qeyd olunub.
Nümayəndə heyəti Qazaxıstanın “Vahid Yığım Pensiya Fondu” SC-nin və “Hökumət vətəndaşlar üçün” Dövlət Korporasiyası Qeyri-Kommersiya SC-nin mərkəzi ofislərinin və ayrı-ayrı struktir bölmələrinin fəaliyyəti ilə də yaxından tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsi
Diaspora