Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,39 dollar və yaxud 2,35% artıb. Beləliklə, "Azeri LT CIF" markalı neftin qiyməti 60,51 dollar/barelə bərabər olub.
Son günlər dünya neft bazarında qiymətlərdə ümumiyyətlə yüksəliş müşahidə olunur. Amma ekspertlər bildirirlər ki, bu müvəqqəti xarakter daşıyır. Məsələn, "Report"un analitik qrupu bildirir ki, bu gün "Brent" markalı neftin qiyməti qlobal xammal bazarında son 26 ayın maksimal həddinə çataraq 58,88 dollar/bareldən satılıb. Buna səbəb İraq Kürdüstanında keçirilən müstəqillik referendumu fonunda yaranan siyasi gərginlik olub. Həmçinin, Şimali Koreya ilə ABŞ arasında davam edən problem neftin qiymətinin artmasına müsbət təsir edib.Analitik qrup neft qiymətlərinin 60 dollar/barel səviyyəsini müvəqqəti olaraq ötəcəyini, lakin daha sonra ABŞ-da aktiv neft quyularının sayının artması və hasilatın yüksəlməsi nəticəsində qiymətlərin tədricən geriləyəcəyini proqnozlaşdırır.
"Yüksək qiymətlər ABŞ-da inflyasiyanın sürətlənməsinə səbəb olacaq və FED daha aqressiv formada uçot dərəcəsini artırmağa başlayacaq. Nəticədə, dolların məzənnəsi möhkəmlənməyə başlayaraq, qlobal maliyyə bazarlarında stress vəziyyəti yaradacaq. Bu da xammal qiymətlərinin, xüsusilə neft qiymətlərinin düşməsinə səbəb olacaq. Faizlərin artması inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının yavaşlamasına, bu isə öz növbəsində neftə tələbatın düşməsinə gətirib çıxaracaq", - deyə qrupun ekspertləri vurğulayıblar.
Analitik qrup 2017-ci ilin sonuna qədər "Brent" markalı neft qiymətlərinin 50 dollar/bareldən yuxarı satılacağını proqnozlaşdırır.