Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10788,8 milyon manat, xərcləri 11327,5 milyon manat təşkil edib.
Büdcənin icrasında 538,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər kəsir yaranıb.Dövlət Statistika Komitəsindən Axar.az-a bildiriblər ki, yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz artaraq 9410,1 milyon manata, xərcləri isə 19,2 faiz artaraq 9765,6 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 355,5 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,9 faizini təşkil edib.
Daxilolmaların 20,2 faizi əlavə dəyər vergisi, 15,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 11,0 faizi digər vergilər, 42,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 28,9 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,3 faizi sosial müdafiə və sosial təminat, 15,0 faizi ümumi dövlət xidmətləri, 13,9 faizi təhsil və səhiyyə sahələrinin, 28,9 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.