Bu gün Bakıda Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.
Yeni sazişdə şirkətlərin iştirak paylarında dəyişiklik nəzərdə tutulur.
“Report” xəbər verir ki, saziş təsdiq olunduqdan sonra SOCAR-ın payı 11,65%-dən 25%-ə qaldırılacaq, BP şirkətinin payı isə 35,8%-dən 30,37%-ə qədər azalacaq. Yeni sazişdə digər xarici şirkətlərin də paylarında azalma var.
Saziş təsdiqləndikdən sonra "AÇG"-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP (Böyük Britaniya, operator) - 30,37%, AzACG (SOCAR, Azərbaycan) - 25,00%, "Chevron" (ABŞ) - 9,57%, "Inpex" (Yaponiya) - 9,31%, "Statoil" (Norveç) - 7,27%, "ExxonMobil" (ABŞ) - 6,79%, TP (Türkiye Petrolleri) - 5,73%, "Itochu" (Yaponiya) - 3,65% və "ONGC Videsh Ltd." (OVL, Hindistan) - 2,31%.
"AÇG" üzrə 20 sentyabr 1994-cü il tarixində imzalanan mövcud hasilatın pay bölgüsü haqqında sazişə əsasən, BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.
Beləliklə, SOCAR-ın payı 13,35 faiz bəndi artacaq, BP-nin payı 5,4 faiz bəndi azalacaq.
Qeyd edək ki, yeni saziş bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanıb.
Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq.
Sazişin bir hissəsi olaraq beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcək. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollardan artıq sərmayə qoyulması potensialı var.