Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) prezidenti Rövnəq Abdullayev Yaponiya İxrac Kredit Təşkilatının rəhbəri Vatanabe Hiroşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, qonaqları səmimi salamlayan R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlərdən söz açıb, bu layihələrdə fəal iştirak edən SOCAR-ın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradıldıığını, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm ölkəyə çevrildiyini nəzərə çatdırıb. SOCAR prezidenti həyata keçirilən layihələr sırasında “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini önə çəkib, Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədini daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığını vurğulayıb.R.Abdullayev Yaponiya şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və daha sonralar Bakı-Tbilisi-Ceyhan layihələrinin iştirakçılarından olduğunu, Azərbaycanda və Türkiyədə həyata keçirilən layihələrdə müvəffəqiyyətlə çalışdıqlarını bildirib, “STAR” neft emalı zavodunun inşasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Yaponiya İxrac Kredit Təşkilatının rəhbəri V.Hiroşi Bakıya birinci dəfə səfər etdiklərini və şəhərin onlarda çox gözəl təəssürat yaratdığını söyləyib, səfərdə məqsədlərinin Azərbaycanda investisiya mühitinin öyrənilməsi və əlaqələrin qurulması üçün imkanların araşdırılması olduğunu nəzərə çatdırıb. Rəhbərlik etdiyi təşkilıat barədə məlumat verən qonaq bir çox ölkələrdə fəaliyyət göstərdiklərini, dünyanın iri neft-qaz şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirib. O, SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını və buna görə də rəhbərlik etdiyi təşkilatın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb.
V.Hiroşi bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.