Neft maşınqayırmasının inkişafına dair tədbir keçirilmişdir

Neft maşınqayırmasının inkişafına dair tədbir keçirilmişdir backend

Aprelin 30-da Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində verilən tapşırıqların icrası ilə əlaqədar neft maşınqayırmasının inkişafına həsr olunmuş tədbir keçirilmişdir.

Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, SOCAR-ın və “Azərişıq” ASC-nin rəsmi şəxsləri ilə yanaşı, neft maşınqayırması və neft avadanlıqları istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin inkişafı sahəsində son illər əldə olunan nailiyyətlərdən bəhs etmiş, qeyri-neft sənayesinin inkişafı baxımından ənənəvi istehsal sahələrinin, o cümlədən neft maşınqayırmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, dövlət başçısı tərəfindən 26 dekabr 2014-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda neft maşınqayırması sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılmışdır. Bugünkü tədbir neft maşınqayırması sahəsində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinin müzakirəsi, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə zəruri dövlət dəstəyinin göstərilməsi və bu sahənin inkişafı ilə bağlı təkliflərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir. Bildirilmişdir ki, dövlət istehlakçı şirkətlərin tələblərinə uyğun yüksək rəqabətə davamlı məhsul istehsal edən istehsalçı şirkətlərin investisiya layihələrini bundan sonra da dəstəkləməyə hazırdır. Şahin Mustafayev SOCAR və “Azərişıq” ASC ilə maşın və avadanlıqlar istehsalı müəssisələri arasında sıx əməkdaşlığın qurulmasının, istehsalçı-istehlakçı münasibətlərinin inkişafının, yerli və ənənəvi xarici bazarlara ixracın daha da artırılmasının vacibliyini vurğulamışdır.

SOCAR prezidenti Rövnəq Abdullayev neft maşınqayırmasının uzun illər Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri olduğunu qeyd etmiş, SOCAR-la neft maşınqayırması müəssisələri arasında mövcud əlaqələr barədə məlumat vermiş, dövlət neft şirkətinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirmişdir.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev neft maşınqayırması müəssisələrində istehsal olunan yüksək keyfiyyətli avadanlıqların bir qisminin elektroenergetika və digər sahələrdə də istifadə olunduğunu, enerji infrastrukturunun inkişafı və təchizatı baxımından yerli məhsulların istehsalının vacibliyini qeyd etmişdir.

Tədbirdə iştirak edən müəssisə rəhbərləri maşın və avadanlıq istehsalı sahəsində fəaliyyət göstərən maşınqayırma müəssisələrinin fəaliyyəti barədə məlumat vermiş, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlarda satış imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndirmişlər.

Müzakirələr zamanı dövlət tərəfindən göstərilə biləcək dəstək tədbirləri, dövlət-özəl sektor əməkdaşlığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmış, tədbirdə qaldırılan məsələlərə dair müvafiq tapşırıqlar verilmişdir.
Diaspora