Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib backend

Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

QAZİLƏR.AZ saytı “APA-Economics”-ə istinadən məlumat verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, qida, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında müxtəlif istiqamətlərdə əlaqələrin davam etdiyini, belə tədbirlərin iş adamları arasında əməkdaşlığın genişlənməsində, ölkələrimizin biznes və investisiya potensialının təqdim olunmasında əhəmiyyətini qeyd etmiş, sahibkarları fəal əməkdaşlığa dəvət edib.

Rusiyanın Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev iş adamlarının yaradılmış əlverişli imkanlardan yararlanmaqla əlaqələri daha da genişləndirməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

İşgüzar görüş çərçivəsində Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Ş. Mustafayev və S. Takoyev imzalayıblar.

Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də təhsil, səhiyyə, gənclər siyasəti, turizm, mədəniyyət, idman və sosial-mədəni həyatın digər sahələrində Azərbaycan və Şimali Osetiya-Alaniya Respublikasının müəssisə, təşkilat və qurumlarının əlaqələrinin inkişafı, iqtisadiyyata və sosial infrastruktura qarşılıqlı investisiya qoyuluşu kimi məsələlər öz əksini tapıb.
Tədbirdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya mühitinə, Şimali Osetiya-Alaniyanın Turizm, sahibkarlıq və investisiya siyasəti nazirinin müavini Aleksandr Kokayev isə təmsil etdiyi federal subyektin investisiya imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Diaspora