Prezident tütünçülüyün inkişafına dair Dövlət Proqramını təsdiq edib

Prezident tütünçülüyün inkişafına dair Dövlət Proqramını təsdiq edib backend

Azərbaycan prezidenti İlham Əliyev tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Qaziler.az APA-ya istinadən xəbər verir ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri, müvafiq olaraq, hər il dövlət büdcəsinin və dövlət investisiya proqramının tərtibi proseslərində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi ölkədə beynəlxalq standartlara uyğun tütün məmulatı istehsal edən müasir zavodun tikilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müvafiq tədbirlər, Kənd Təsərrüfatı Nazirliyi isə məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Həmçinin İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan prezidentinə məlumat verməlidir.
Diaspora