“Bu gün danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq”.
Qaziler.az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuat üçün bəyanatında deyib.
Dövlət başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var: “Bu gün imzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik. İctimaiyyət onu da görür ki, bizim üçün tərcüməçi də lazım deyil. Biz cənab Prezidentlə söhbət əsnasında dedik ki, əgər bizim vətəndaşlar bir ay bir-birinə qonaq getsələr onda heç, ümumiyyətlə, tanış olmayan kəlmə də qalmaz. Yəni, bu oxşarlıq bizim böyük sərvətimizdir. Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq. Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş verib. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər edib və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük. Cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfərinizin çox gözəl nəticələri olacaq. Türkmənistan və Azərbaycan bir-birinə daha da yaxın olacaq”.